...

Azərbaycanda səfərdə olan Türkiyə Ali Hərbi Məhkəməsinin sədri respublikanın Baş prokuroru ilə görüşüb

Siyasət Materials 27 May 2009 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda səfərdə olan Türkiyə Ali Hərbi Məhkəməsinin sədri respublikanın Baş prokuroru ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ahmet Alkışın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş prokurorun görüşündə Zakir Qaralov iki ölkənin dövlət başçıları tərəfindən bölgədə sülhün və əmin-amanlığın bərqərar olması, dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşdə Türkiyə-Azərbaycan ikitərəfli əməkdaşlığı, Ermənistan-Azərbaycan, Qağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi və bu işdə Türkiyənin Azərbaycanın haqlı və ədalətli mövqeyinə həmişə dəstək verəcəyi xüsusi vurğulanıb.

Baş prokuror Azərbaycanda son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında yeniləşmə prosesinin həyata keçirilməsi və köklü islahatların aparılması, eyni zamanda kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, Dövlət ittihamının müdafiəsi üzrə idarənin yenidən qurulması, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti, həmçinin prokurorluq orqanlarının qarşısında duran digər vəzifələr barədə ətraflı məlumat verib.

Ahmet Alkış hər iki ölkənin hüquq mühafizə orqanları arasında qarşılıqlı münasibətlərin inkişafına böyük önəm verdiyini vurğulayaraq, dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verməsini xüsusi qeyd edib.

Baş prokurorun müavini - Respublika hərbi prokuroru Xanlar Vəliyev və digər rəsmi şəxslərin iştirak etdiyi görüşdə prokurorluq və məhkəmə orqanlarının səmərəli münasibətlərinin davamı kimı Azərbaycan və Türkiyə prokurorluqları arasında ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsinin və daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib, həmçinin tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti