...

Avropa Şurası Azərbaycana yeni yaranan dini icmaları qeydiyyata alarkən ciddi araşdırmağı tövsiyə edib – Dövlət Komitəsinin sədr müavini (MÜSAHİBƏ)

Siyasət Materials 12 İyun 2009 09:17 (UTC +04:00)
Avropa Şurası Azərbaycana yeni yaranan dini icmaları qeydiyyata alarkən ciddi araşdırmağı tövsiyə edib – Dövlət Komitəsinin sədr müavini (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərovun Trend -a müsahibəsi

- "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərə görə, dini icmalar ilin sonunadək yenidən qeydiyyatdan keçməlidir. Qanuna belə bir dəyişikliyin edilməsi hansı zərurətdən yarandı?

- Bütün icmaların yenidən qeydiyyatdan keçməsi qanuna edilmiş əlavə və dəyişikliklərdə var. Qeydiyyat prosesində elə bir ciddi dəyişiklik yoxdur. Dini icmalar "İctimai Birliklər haqqında" Qanun əsasında qeydiyyatdan keçirlər. Prosedurada yalnız bir əlavə var. İcma özü, fəaliyyəti haqqında geniş məlumat verməlidir. Həmin icmanın ailəyə, təhsilə münasibəti, tarixçəsi, baxışları, təcrübəsi, hansı cərəyana məxsus olması barədə məlumat verilməlidir. Dini sahədə bir sıra problemlər var idi. İcmalar haqqında daha geniş məlumatın olması zərurəti yarandı. Əvvəlki qaydada 10 nəfər yığışıb, icma yaradır və qeydiyyat üçün müraciət edirdi. İcmanın araşdırılması üçün bəzən böyük vaxt tələb olunur. Bu dəyişiklik araşdırma prosesini asanlaşdırmaq, icma haqqında verilən informasiyanı yoxlamaq üçün edildi. Bu, tək müsəlman icmalarına aid deyil. Dünyanın bəzi ölkələrində bu prosedur çox çətindir. Əvvəlki qanunda isə çox sadə idi. Yeni baxışlı dini icma yarananda cəmiyyətdə problem yaranmasın deyə, Avropa Şurasının üzv dövlətlərə, o cümlədən Azərbaycana tövsiyəsi var ki, yeni yaranan dini icmalar qeydiyyata alınarkən ciddi araşdırılsın, fəaliyyəti haqqında geniş məlumat əldə olunsun. Avropada dini icmaların qeydiyyatı prosesinin əvvəllər çox rahat olması ciddi problemlər yaratmışdı və 2000-ci ildə Fransada yüzlərlə dini icmanın qeydiyyatı ləğv olunmuşdu. Bu, daha çox yeni tipli icmalara aiddir.

- Dini icmanın qeydiyyatı hansı hallarda və kim tərəfindən ləğv oluna bilər?

- Qeydiyyatdan keçmiş dini icmanın qeydiyyatı yalnız məhkəmə tərəfindən ləğv olunur. Qeydiyyatdan keçməyə hazırlaşan icmanın sənədləri qəbul olunmaya bilər və yaxud qeydiyyatdan imtina oluna bilər. Dini icmada dini dözümsüzlük, dini qarşıdurma meylləri, ekstremizmə, dövlət quruluşunu dəyişməyə çağırış varsa, Nizamnaməsi Azərbaycanın Konstitusiya və qanunlarına uyğun gəlmədiyi hallarda, dini icma qeydiyyata alınmır, əgər qeydiyyata alınmış dini icmanın fəaliyyətində sonradan bu hallardan biri olarsa, qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət olunur.

- Qanuna yeni əlavə və dəyişikliklərdə dini icmaların məsciddə qeydiyyata alınması nəzərdə tutulub. Amma Azərbaycanda inşa olunan məscidlərin əksəriyyətinin texniki sənədləri qaydasında deyil. Bu problem necə həll olunacaq?

- Məscidlərin bəzilərinin xüsusi mülkiyyət sənədi yoxdur. Məscid faktiki varsa, hansısa sənədi var. Məscidin mövcudluğu haqqında, orda hansısa icmanın yerləşməsinə etiraz etməmək haqqında yerli icra hakimiyyəti orqanı və ya Qafqaz Müsəlmanlar İdarəsi təqdimat verərsə, bu, məscidin mövcudluğu və icmanın burada yerləşməsi üçün əsas ola bilər.

- Missionerlik fəaliyyəti ilə məşğul olan dini icmalar qeydiyyatdan keçməyə maraqlı deyil. Onların qeydiyyatı necə həyata keçirilir?

- Açıq fəaliyyət göstərən, təbliğat aparan bütün icmalar qeydiyyatdan keçməyə maraqlıdır. Qeydiyyatdan keçmədən, hardasa yer icarəyə götürüb, təbliğat apara bilməz. Dediyiniz radikal ekstremist qruplara aiddir. Onlar isə dini icma deyil, radikal qruplardır və öz təbliğatlarını açıq aparmırlar. Onların fəaliyyətinə hüquq-mühafizə orqanları nəzarət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  

[email protected]
Xəbər lenti

Xəbər lenti