...

Ermənistandakı mart hadisələrindən sonra aparılan işlər yetərli səviyyədə deyil - AŞ Baş katibi

Siyasət Materials 23 İyun 2009 13:07 (UTC +04:00)
Ermənistandakı mart hadisələrindən sonra aparılan işlər yetərli səviyyədə deyil - AŞ Baş katibi

Fransa, Strasburq, 23 iyun / Trend , müxbir A.Məhərrəmli /

Ermənistandakı mart hadisələrindən sonra aparılan işlər yetərli səviyyədə deyil. Bu fikirləri çərşənbə axşamı Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası zamanı keçirdiyi mətbuat konfransında AŞ Baş katibi Terri Devis deyib.

"Ermənistanda martın 2-də baş verən hadisələrindən sonra aparılan işlər yetərli səviyyədə deyil. Hələ də həllini tapmamış məsələlər var. Bu hadisələr zamanı baş verən ölüm hallarından sonra heç kim saxlanılmayıb və ya istintaqa cəlb olunmayıb", - Baş katib əlavə edib.

Onun sözlərinə görə, Ermənistan polisinin indiyədək günahkarları müəyyənləşdirməməsi acınacaqlı haldır.

"Əlbəttə, mən bu qətl hadisələri ilə bağlı cəzasızlıq mühitindən narahatlıq hissi keçirirəm. Hazırda təhqiqat aparılır, amma bu heç də polisin apardığı təhqiqatı əvəz edə bilməz", - Devis deyib.

Bu, Devisin Baş katib qismində keçirdiyi son mətbuat konfransıdır.

Ermənistanda 2008-ci il fevralın 19-da keçirilən prezident seçkisindən sonra Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət genişmiqyaslı etiraz aksiyaları keçirib. Martın 1-dən 2-nə keçən gecə milis və ordu hissələri dinc insanlara qarşı xüsusi vasitələrdən, texnikadan və odlu silahdan istifadə edərək aksiyanı dağıdıb. Hadisələr zamanı ümumilikdə odlu silahdan açılan atəş nəticəsində 10 nəfər həlak olub, 131 insan yaralanıbı. Rəsmi İrəvan öncə aksiya iştirakçılarına atəş açılmadığını desə də, sonradan foto və video dəlillər qarşısında bunun baş verdiyini etiraf etməyə məcbur olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti