...

Avropa İranla bağlı tərəddüd edir - Tehran Universitetinin professoru

Siyasət Materials 9 İyul 2009 09:00 (UTC +04:00)
Avropa İranla bağlı tərəddüd edir - Tehran Universitetinin professoru

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir D.Xatınoğlu /

"Böyük səkkizlik" ölkələrinin İranla bağlı eyni fikrə gəlməmələri, G8 qrupuna üzv ölkələr və eləcə də Avropa ölkələri arasında fikir ayrılığının olmasından xəbər verir.

Bu gün (iyulun 8-də) İtalyada G8 dövlət başçılarının sammiti başlayacaq. İtaliyanın Baş naziri Silvio Berluskoni sammit ərəfəsində bildirib ki, G8 ölkə başçıları İranda mitinq iştirakçılarına qarşı törədilən zorakılıqlarla bağlı hələ ki, qərar qəbul etmək üçün müştərək mövqəyə gələ bilməyiblər.

"İran və Avropa münasibətlərində dəfələrlə gərginlik müşahidə olunub. Həmişə olduğu kimi, budəfəki gərginlik də münasibətlərin kəsilməsinə səbəb olmayacaq", - deyə Tehran Universitetinin siyasi elmlər üzrə elmi heyətin üzvü, professor Əhməd Nəqibzadə çərşənbə günü Trend -a Tehrandan bildirib.

Nəqibzadənin fikrincə, Avropa İranla bağlı ikifikirlidir. "Bu, bir tərəfdən Avropanın zəif olmasından, digər tərəfdən bu birliyin ABŞ qarşısında öhdəliklərindən irəli gəlir", - deyə Nəqibzadə deyib.

"Böyük səkkizlik" (G8) ölkələri dövlət başçılarının sammiti iyulun 8-10-da Italyanın L'Aquila şəhərində keçiriləcək. İtalyanın Baş naziri Silvio Berluskoni ötən həftə keçirdiyi mətbuat konfransında bildirib ki, G8 ölkələri dövlət başçılarının sammitində İrandakı vəziyyət əsas müzakirə predmeti olacaq. Berluskoninin fikrincə, sammitdə İrana qarşı yeni sanksiyalar tətbiq olunacaq.

İyulun 7-də İnsan huquqlarını beynəlxalq müdafiə təşkilatı (Human Rights Watch) G8 ölkələri rəhbərlərini İranda mitinq iştirakçılarına qarşı tətbiq edilən təzyiqləri tənqid etməyə çağırıb. İran isə Qərb ölkələrini ölkədə gərginlik yaratmaqda ittiham edib. İki gün öncə Tehran Universitetində işləyən Fransa vətəndaşı casusluqda ittiham olunaraq həbs olunub. Bundan öncə İran Böyük Britaniya səfirliyində çalışan 9 İran vətəndaşını həbs etmişdi, onlardan 8 nəfər azadlığa buraxılıb.

Nəqibzadənin fikrincə, Avropa ölkələri ABŞ-ın Orta Şərqdə nüfuzunun artmasının qarşısını almaq məqsədilə İranın ABŞ qarşısında sipər olmasını istəyirlər, lakin müharibə olmasını istəmirlər. Müharibə olarsa, Avropa ölkələri ABŞ-ın tərəfində olacaqlar.

Ötən həftə İran Pralamentinin Milli Təhlükəsilik Komissiyasının sədr müavini İsmail Kövsəri  Trend -a açıqlamasında bildirib ki, Qərb ölkələri indiyədək İran xalqını və hökumətini düzgün başa düşməyiblər. "Qərb İrandakı müvəqqəti gərginlikdən narahat olub. İnsan haqları məsələsi İranın daxili məsələsidir", -deyə Kövsəri bildirib.

Kövsəri insan haqları məsələsinin daxili məsələ olduğunu bildirib, lakin insan haqları müdafiəçiləri, o cümlədən Nobel Mükafatı laureatı Şirin Ebadi insan haqları ilə bağlı məsələlərin sərhəd tanımadığını deyir. "İranda insan haqlarının geniş və kobud şəkildə pozulmasına beynəlxalq təşkilatlar etiraz etməlidirlər", -deyə İbadi ötən ay Trend -a açıqlamasında deyib.

Nəqibzadənin fikrincə, Qərb İran rejimi haqqında düzgün anlayışa malik deyil. "İran İslam Respublikası rejimini ya elə olduğu kimi qəbul etmək, ya da etməmək lazımdır. Burdar orta hədd yoxdur. İrandakı rejim ideoloji bir rejimdir və Qərbin onu istədiyi kimi dəyişməsi mümkün deyil", - deyə Nəqibzadə bildirib.

Onun sözlərinə görə, İran rəsmiləri ABŞ və Avropa arasında olan rəqabətdən öz xeyirlərinə istifadə edə biləcəklərini düşünürlər, necə ki, qismmən buna nail olaraq, vaxt qazana biliblər.

Nəqibzadə hesab edir ki, İran və Avropa arasında mövcud gərgin vəziyyət Avropa tərəfinin İranda insan haqlarının pozulmasına etirazı olaraq yaranıb. O deyib ki, İnsan haqları məsələsi əslində, Qərb üçün o qədər də tutarlı məsələ deyil, onlar sadəcə İranı sıxışdırmaq istəyirlər, lakin bu faydasızdır. Belə ki, İran rəhbərləri Qərb qarşısında nə geri çəkiləcəklər, nə də onlara hər hansı bir imtiyaz verəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti