...

Azərbaycana külli miqdarda narkotik gətirən dəstə ifşa olunub

Siyasət Materials 15 İyul 2009 16:27 (UTC +04:00)
Azərbaycana külli miqdarda narkotik gətirən dəstə ifşa olunub

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən 20 kiloqrama yaxın narkotik vasitə daşıyan dəstə ifşa olunub.

"Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq zərərsizləşdirilib, onlardan ümumilikdə 20 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb", - çərşənbə günü Trend -a Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən bildirilib.

Azərbaycan vətəndaşları Almas Qafarov və Ərzuman İsmayılov, habelə İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə 14 kiloqrama yaxın narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər. "Məlum olub ki, Qafarovun qardaşı Eldəniz Qafarov viza qaydasında İrana səfər edib və birincinin tapşırığına əsasən orada hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarına külli miqdarda narkotik sifariş verib. Əvvəlcədən əldə olunan razılığa əsasən İrandan göndərilən narkotiki qəbul etmək məqsədi ilə Qafarov Neftçala şəhərinə gəlib. Orada Ərzuman İsmayılov ilə birlikdə sonuncuya məxsus qayıqda "Qızılağac" Dövlət Qoruğunun Xəzər dənizi ərazisindəki Kurkasa adlanan adanın yaxınlığına gələrək, təxminən saat 23:00-24:00 radələrində hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər iranlılarla görüşüblər. Almas Qafarov və Ərzuman İsmayılov iranlılardan külli miqdarda narkotik vasitələri qəbul edərək həmin adada gizlədiblər", - məlumatda qeyd edilir.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Almas Qafarov və Ərzuman İsmayılov saxlanılıb, Kurkasa adasına baxış nəticəsində oradan 8 kiloqrama yaxın tiryək və təxminən 6 kiloqram həşiş aşkarlanaraq götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə bağlı daha bir cəhdin qarşısı alınıb. "Azərbaycan vətəndaşı Elxan Quliyev, İran vətəndaşları - Kamrani Mansur Mohsen, Şahrəvan Kərim Ordu və onun qardaşı Şahrəvan Rəhim Ordu saxlanılıb, onlardan 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Məlum olub ki, Elxan Quliyevin sifarişinə əsasən, Mansur Kamrani İran ərazisində əldə etdiyi narkotik vasitələri Rəhim Şahrəvana məxsus "Samand" markalı avtomobildə xüsusi olaraq hazırlanmış saxlanc yerində gizlədib. Bundan sonra Rəhim Şahrəvan və onun qardaşı Kərim Şahrəvan həmin avtomobildə Biləsuvar Nəzarət Buraxılış Məntəqəsindən keçərək Bakı şəhərinə gələrək Mansur Kamranini gözləyiblər. Öz növbəsində Mansur Kamrani narkotiklərin Azərbaycan ərazisinə keçirildiyinə əmin olduqdan sonra Biləsuvar Nəzarət Buraxılış Məntəqəsindən keçərək Bakı şəhərinə gəlib. Burada onlar Rəhim Şahrəvanın idarə etdiyi "Samand" markalı avtomobillə Biləcəri qəsəbəsinə gəlib, narkotik vasitələri avtomobilin gizli saxlanc yerindən çıxarmaq istəyərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar. Avtomobilə baxış keçirilərkən gizli saxlanc yerindən 3 kiloqram tiryək, 2 kiloqramdan artıq həşiş və 800 qrama yaxın heroin aşkarlanıb.

Hər iki faktla bağlı başlanılan cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti