İran və Rusiya iyulun 29-da Xəzər dənizində "Təmiz və Təhlükəsiz Xəzər - regional qarşılıqlı fəaliyyət" şüarı altında ilk birgə dəniz təlimləri həyata keçirəcək. Bu barədə İranın Liman və Dənizçilik Təşkilatının direktoru Əli Tahiri Mütləq bildirib. Məlumatı İran televiziyasının rəsmi saytı Iribnews yayıb.
"Birgünlük təlimlər İranın Ənzəli limanında keçiriləcək. Xəzər regionu ölkələri və Beynəlxalq Dəniz Təşkilatı bu təlimlərdə müşahidəçi qismində iştirak edəcək", - Tahiri Mütləq bildirib.
Onun sözlərinə görə, təlimlərin keçirilməsində əsas məqsəd dənizdə axtarış və xilasetmə üzrə beynəlxalq konvensiyanın icrası və dənizin ekoloji və neftlə çirklənməsinə qarşı mübarizədir.
İran tərəfindən təlimlərdə 30 gəmi və iki müşahidə vertolyotu iştirak edəcək. Rusiya tərəfindən dənizin neft tullantılarından təmizlənməsi üzrə qabaqcıl texnologiyalardan istifadə olunacaq.