...

Azərbaycan Prezidenti Avropa İttifaqı "Üçlüyü"nün (Troyka) nümayəndə heyətini qəbul edib

Siyasət Materials 20 İyul 2009 18:10 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də İsveç Krallığının xarici işlər naziri Karl Bildti qəbul edib. Məlumatı AzerTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub, siyasi dialoqun genişləndirilməsinin zəruriliyi, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb. Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin Avropa İttifaqı əməkdaşlığı çərçivəsində genişləndirilməsi baxımından vacibliyi bildirilib.

İsveç Krallığının xarici işlər nazirinin Azərbaycana bu səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Sonra isə Prezident İlham Əliyev İsveç Krallığının xarici işlər naziri Bildtin başçılıq etdiyi Avropa İttifaqı "Üçlüyü"nün (Troyka) nümayəndə heyətini qəbul edib.
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnun olduğunu deyən Prezident İlham Əliyev "Şərq tərəfdaşlığı" proqramının bu əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb və eyni zamanda, proqramın Azərbaycanın Avropaya daha sıx inteqrasiyası üçün geniş imkanlar yaratdığını bildirib və Avropaya inteqrasiya məsələsinin ölkəmizin strateji məqsədlərindən biri olduğunu deyərək, bu siyasətin 15 ildir uğurla davam etdirildiyini vurğulayıb.

Dövlət başçısı Avropa İttifaqı "Üçlüyü"nün nümayəndə heyətinin ölkəmizə bu səfərinin əməkdaşlığa dair bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılması baxımından əhəmiyyətli olduğunu söyləyib.

Nümayəndə heyətini rəhbəri, İsveç Krallığının xarici işlər naziri Bildt Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa maraqlı olduğunu bildirib. Qonaq təmsil etdiyi təşkilatla ölkəmiz arasında enerji, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair aparılan danışıqlar prosesinin Avropa İttifaqı tərəfindən yaxından izləndiyini bildirdi.

Xəbər lenti

Xəbər lenti