...

"Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi Azərbaycan Parlamentində müzakirəyə çıxarılacaq - deputat

Siyasət Materials 25 İyul 2009 13:26 (UTC +04:00)
"Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi Azərbaycan Parlamentində müzakirəyə çıxarılacaq - deputat

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifətyönlü partiyasının rəhbəri olan millət vəkili "Eks-prezidentlərin statusu haqqında" hazırladığı qanun layihəsini Parlamentin müvafiq komitəsinə təqdim edib.

"Hazırladığım qanun layihəsi 9 maddədən ibarətdir və orada bütün keçmiş prezidentlərin statusu və onların ailələrinin hüquqlarının qorunması ilə bağlı müddəalar əksinin tapıb", - şənbə günü Trend -a Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bildirib.

Trend -un arayışı: Azərbaycan Konstitusiyasına 2009-cu il martın 18-də keçirilən referendum vasitəsilə edilən əlavə və dəyişikliklərdə eks-prezidentlərə status verilməsi də nəzərdə tutulur. Bu məqsədlə yeni qanun layihəsi hazırlanıb Milli Məclisdə qəbul olunmalıdır.

Mustafanın sözlərinə görə, eks-prezidentlərin statusu ilə bağlı qanun layihsəini Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynova təqdim edib.

"Layihənin hazırlanmasında dünyanın bir çox aparıcı ölkələrinin qanunvericilik bazasına istinad olunub. Düşünürəm ki, komitədə bu layihənin müzakirəsi problemə çevrilməyəcək", - millət vəkili əlavə edib.

Müxalifətyönlü Böyük Quruluş Partiyası 2004 - cü ildə yaradılıb, 2005 - ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Fazil Mustafa (Fazil Qəzənfəroğlu) Milli Məclisin deputatıdır. Partiya sədri 2008-ci ildə keçirilən prezident seçkisində namizəd olub və 2,4 faiz səs toplayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti