...

Azərbaycanın ictimai təşkilatının rəhbəri müxalifətin birləşəcəyinə inanmır

Siyasət Materials 30 İyul 2009 15:04 (UTC +04:00)
Azərbaycanın müxalifətyönlü ictimai təşkilatının rəhbəri siyasi qüvvələrin yeni birliyinin yaradılmasına ehtiyac olmadığını düşünür.

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifətyönlü ictimai təşkilatının rəhbəri siyasi qüvvələrin yeni birliyinin yaradılmasına ehtiyac olmadığını düşünür.

"İndi əsas məsələ aparıcı siyasi partiyaların birləşməsi yox, cəmiyyətin fəallığının daha da artırılmasıdır", - cümə axşamı Trend -a "Azərbaycan Naminə" İctimai Forumun (ANİF) rəhbəri Eldar Namazov bildirib.

Trend -un arayışı: Müsavat Partiaysının başqanı İsa Qəmbər bir müddət əvvəl Azərbaycan Xalq Cəbhəsinin bərpasını və bütün müxalifət qüvvələrinin bu qurumda birləşməsini təklif edib. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə ötən həftə Milli Müqavimət Hərəkatının yaradılması təşəbbüsü ilə çıxış edib.

Namazovun sözlərinə görə, müxalifət ictimai-siyasi sahədə gənclərin rolunun artırılmasına çalışmalıdır. "Cəmiyyəti hərəkətə gətirmək üçün daha geniş sosial təbəqələri prosesə cəlb etmək lazımdır. Düşünürəm ki, siyasi partiyaların yeni qurum yaratmaqdansa, bu işləri görməsi daha önəmlidir və mən bunun üçün çalışıram", - forum rəhbəri əlavə edib.

Onun fikrincə, müxalifət onsuz da uzun müddətdir vahid bit qurumda birləşə bilmir. "Bunun səbəbləri hamıya bəllidir. Siyasi qüvvələrin bir araya gəlməsi vacibdir, bunu hamı başa düşür, amma real addım atmaq lazım olanda prosesə maneçilik törədənlər ortaya çıxır. Bu səbəbdən müxalifətin vahid qüvvə kimi birləşəcəyi inandırıcı deyil", - ANİF rəhbəri vurğulayıb.

Namazov 1993 -1999-cu illərdə prezident köməkçisi və Prezident Katibliyinin rəhbəri işləyib. 1999-cu ildə vəzifəsindən istefa verəndən sonra "Azərbaycan Naminə" İctimai Forumunu təsis edib. Namazov 2005-ci il parlament seçkisində iştirak etmək üçün yaradılan "Yeni Siyasət" seçki blokunun həmtəsisçisi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti