...

Azərbaycanın müxalifət partiyası vahid seçki platforması ideyasına optimist yanaşmır

Siyasət Materials 15 Avqust 2009 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / Trend , müxbir C.Babayeva /

Müxalif Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) müxalifət partiyalarının bələdiyyə seçkisində vahid platformadan çıxış edəcəyinə inanmır.

"Azərbaycanın siyasi arenasında müxtəlif baxışlı və cərəyanlı siyasi qüvvələr var. Hər bir partiyanın öz maraqları olduğuna görə, müxalifətin bələdiyyə və parlament seçkisi ilə bağlı vahid seçki platformasından çıxış edəcəyi və ya vahid koalisiya yaradacağına optimist yanaşmıram", - şənbə günü Trend -a AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov bildirib.

Orucovun fikrincə, müxalifətdəki pərakəndiliyi minimuma endirməyə çalışmaq lazımdır. "Müxalifət partiyaları müəyyən məsələlərdə kompromisə gəlməlidirlər. Kompromis əldə olunsa, müxalifətin uğurları mümkündür", - o deyib.

Trend -un arayışı: Azərbaycanın beş müxalifət partiyasının (Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan və Xalq partiyaları) təmsil olunduğu Demokratiya Uğrunda İttifaq müxalifətin vahid seçki platformasının hazırlanmasını təklif edib. İttifaq bu məqsədlə müxalifətin ümumi konfransının keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Azərbaycanda bələdiyyə seçkisinin bu ilin dekabrında keçirilməsi nəzərdə tututlur. Parlament seçkisi 2010-cu ildə keçiriləcək.

AMİP rəsmisi hesab edir ki, müxalifət partiyalarının birgə konfransı onların yaxınlaşmasına şərait yarada bilər. "Çox təəssüf ki, bu cür tədbirlər bəzi hallarda önəmli rol oynaya bilmir. Prezident seçkisindən öncə partiyamız İsveçin Moderrat Partiyası ilə birgə Bakıda beynəlxalq konfrans təşkil etmişdi. Tədbirdə sağ mərkəzçi partiyaların birləşmə ehtimallları müzakirə olunmuşdu. Konfrans iştirakçıları birləşməyin labüdlüyündən danışsalar da, konkret iş görməyə gələndə hər bir partiya öz maraqları baxımından çıxış etdi", - Orucov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti