Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi bildirib ki, Şimali Qafqazda son vaxtlar baş verən hadisələrlə bağlı ölkənin şimal sərhədlərinin mühafizəsi gücləndirilib.
"Şimali Qafqazdakı vəziyyət şimal sərhədlərindəki xidməti döyüş fəaliyyətində nəzərə alınıb. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bu işlə əlaqədar bütün zəruri tapşırıqlarını və dəstəyini verib. Bunun üçün maddi vəsait də ayrılıb", - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə DSX rəisi general-leytenant Elçın Quliyev bildirib.
Trend -un arayışı: Son günlər Şimali Qafqazda qeyri-sabit vəziyyət müşahidə olunur. Bir neçə terror aktı və qətllər həyata keçirilib. Azərbaycanın bir hissəsi Şimali Qafqazla sərhəddə yerləşir.
Bu ilin 7 ayı ərzində sərhədçilər tərəfindən 2842 sərhəd pozucusu saxlanılıb. 227 kiloqramdan artıq narkotik maddənin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb. 668 axtarışda olan şəxs saxlanılıb. Bundan əlavə, 2 mln. 50 min manat dəyərində qaçaqmal tutulub.
Quliyev deyib ki, Azərbaycanın şimal sərhədləri etibarlı qorunur. "Azərbaycan sərhədçiləri baş verə biləcək istənilən hallara hazırdır və zəruri səviyyədə peşəkar mühafizə həyata keçirilir", - DSX rəisi əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]