...

Azərbaycan seçicisi bələdiyyə seçkisində fəallığını qoruyub saxlayacaq – MSK katibi

Siyasət Materials 26 Avqust 2009 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust  / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin sonunda keçiriləcək bələdiyyə seçkisində seçici fəallığının qorunub saxlanacağını gözləyir.

"Azərbaycanda bələdiyyə seçkisinə digər seçkilərə nisbətən seçicilərin az maraq göstərmələri ilə bağlı səsləndirilən fikirlərlə razı deyiləm. Azərbaycanın müstəqilliyi əldə olunandan sonra seçicilər seçkiyə münasibətlərini addlm-addım müəyyənləşdirib. Taleyüklü məsələlərin hamısında Azərbaycan seçicisi fəallığını qoruyub saxlayır. Sevindirici haldır ki, seçici və seçki münasibətləri artıq elə səviyyəyə çatıb ki, bunu görməmək mümkün deyil", - çərşənbə günü Trend -a MSK-nın katibi Natiq Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, bələdiyyə seçkisində seçicilərin fəallığı rəsmi statistikada əks olunub. "Bələdiyyə seçkisində fəallıq ayrı-ayrı bələdiyyələr üzrə fərqli olur. Elə bələdiyyələr var ki, seçicilər bələdiyyə ilə təmasda olmaqda, onun seçilməsində və idarə olunmasında daha fəaldırlar", - MSK katibi bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisinin bu il dekabrın ortalarında keçiriləcəyi gözlənilir. Azərbaycanda 1999-cu ildə keçirilmiş bələdiyyə seçkisində seçici fəallığı - 52,6, 2004-cü ildə isə 46,34 faiz olub.

Bələdiyyə seçkisi ilə bağlı seçici siyahılarının dəqiqləşdirilməsinə gəlincə, Məmmədov bildirib ki, prosesə səsvermə gününə 35 gün qalmış başlanacaq.

Trend -un arayışı: Mərkəzi Seçki Komissiyasının ölkə üzrə tərtib etdiyi seçicilərin daimi siyahısına əsasən, Azərbaycanda 4 mln. 804 min seçici var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti