Gürcüstan, Tbilisi, 07 sentyabr / Trend , müxbir N.Kirtsxaliya /
Həbs olunan türkiyəli kapitanın azad edilməsi barədə məsələ Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə sabah keçiriləcək görüşündə həll ediləcək. Bu barədə Davudoğlu ilə birgə keçirilən mətbuat konfransında Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bildirib.
"Buz bu gün bu işin hüquqi aspektlərni müzakirə etdik və müvafiq razılıqlar əldə etmişik. Sabah Prezident Saakaşvili ilə görüşdə bu məsələ həll olunacaq", - o qeyd edib və bildirib ki, türk həmkarı ilə bir sıra məsələləri müzakirə edib, həmin məsələlərin həlli gələcəkdə bu kimi hadisələrdən yayınmağa imkan verəcək.
Panama bayrağı altında üzən gəminin kapitanı, Türkiyə vətəndaşı Mehmet Öztürk Gürcüstan məhkəməsi tərəfindən Abxaziyaya qaçaqmal daşıdığına görə 24 il müddətinə həbs edilib. 13 Türkiyə vətəndaşı, dörd Azərbaycan vətəndaşından ibarət gəminin ekipajı 30 min dollar cərimə ödədikdən sonra azad edilib.
Türkiyənin xarici işlər naziri qeyd edib ki, ölkə "Gürcüstanın dostu və strateji tərəfdaşıdır" və bir çox məsələlər bu məcrada həll edilir. "Biz gələcəkdə bu kimi problemlərlə üzləşməmək üçün bir sıra tədbirlər görməliyik", - o bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]