Red. əlav.: son dörd abzas əlavə olunub
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü müqəddəs Ramazan bayramı münasibətilə ölkədə fəaliyyət göstərən müsəlman ölkələrinin səfirlərini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısı Ramazan bayramı münasibətilə səfirləri təbrik edib. "Mən çox şadam ki, Azərbaycanda müsəlman ölkələrini təmsil edən səfirliklərin sayı artır. Bu çox gözəl və əlamətdar bir haldır. Azərbaycan da öz növbəsində müsəlman ölkələrində səfirliklərinin sayını artırır və bu proses davam edir", - Prezident İlham Əliyev deyib.
Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin çox sürətlə inkişaf etdiyini bildirib və qeyd edib ki, bu əlaqələrin növbəti illərdə də hərtərəfli inkişaf etməsi və münasibətlərin daha da güclü olması üçün çalışmaq lazımdır.
"Bildiyiniz kimi, bu il Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunub. Bu, bizim üçün böyük şərəfdir. Mən çox şadam ki, Bakı bu şərəfli adı uğurla daşıyır", - Azərbaycan Prezidenti deyib.
"Eyni zamanda, biz beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq edirik. Xüsusilə, BMT-də və İslam Konfransı Təşkilatında əməkdaşlığımız bizim üçün çox önəmlidir. Biz müsəlman ölkələrinin dəstəyini daim hiss edirik. Bildiyiniz kimi, keçən il BMT Baş Məclisində Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı qətnamənin qəbul edilməsi müsəlman ölkələrinin böyük dərəcədə dəstəyi hesabına baş vermişdir", - İlham Əliyev deyib.