Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Qusar rayon Mərkəzi Xəstəxanasının yeni binasında tikinti işlərinin gedişi ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Binanın təməli ötən ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Xəstəxana binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edilir. İnşaat işləri müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilir.
Bildirilib ki, 230 çarpayılıq xəstəxana 3,5 hektar ərazini əhatə edir. Burada cərrahiyyə, reanimasiya, diaqnostika, ultrasəs müayinəsi, stasionar diaqnostika, yoluxucu xəstəliklər və doğum şöbələri, vərəm dispanseri olacaq. Yeni səhiyyə ocağı ən müasir avadanlıqla təchiz ediləcək.
Dövlət Neft Şirkətinin dəstəyi ilə inşa olunan xəstəxana dördmərtəbəli bir əsas korpusdan və yeddi köməkçi binadan ibarət olacaq.
Səhiyyə ocağı gələn il Qusar sakinlərinin istifadəsinə veriləcək.