...

Azərbaycanın kimin yeni baş katib seçilməsindən asılı olmayaraq, Avropa Şurası ilə münasibətləri dəyişməz qalacaq - AŞ PA-nın üzvü

Siyasət Materials 23 Sentyabr 2009 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Avropa Şurasına kimin yeni baş katib seçilməsindən asılı olmayaraq, qurumla münasibətləri dəyişməz qalacaq.

"Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti baş katib vəzifəsinə seçkilərdə fəal iştirak edəcək. Sessiyadan əvvəl namizədlərlə bağlı müəyyən məsləhətləşmələr aparacağıq. Azərbaycanla Avropa Şurasının münasibətləri elə səviyyədədir ki, quruma kiminsə baş katib seçilməsi bu münasibətləri dəyişə bilməz", - çərşənbə günü Trend -a Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli bildirib.

Trend -un arayışı: AŞ PA-nın payız sessiyasında quruma yeni baş katib seçiləcək.

Avropa Şurasının baş katibi vəzifəsinə Polşanın keçmiş baş naziri Vlodzimej Çimoşeviç, Norveçin keçmiş baş naziri Torbyern Yaqland, Flandriya (Belçika) hökumətinin keçmiş başçısı Lyuk van der Brande və Macarıstan Parlamentinin üzvü Matias Yorşinin namizədliyi irəli sürülmüşdü. AŞ Nazirlər Komitəsinin təqdim etdiyi dörd nəfərdən ikisinin - Çimoşeviç və Yaqlandın namizədlikləri sentyabrın əvvəllərində təsdiqlənib.

AŞ-nın indiki baş katibi Terri Devis 2004-cü ilin iyununda bu vəzifəyə seçilib.

Hacıbəylinin sözlərinə görə, Avropa Şurasına kimin baş katib seçilməsinin bir o qədər də əhəmiyyəti yoxdur.

"Birincisi, ona görə ki, bu vəzifəyə seçilən şəxs öz ölkəsini yox, ümumilikdə Avropa Şurasını təmsil edəcək", - millət vəkili əlavə edib.

Onun fikrincə, Azərbaycan Parlamentinin üzvləri səsvermədə müstəqildirlər. "Bizim nümayəndə heyətinin tərkibində həm hakim Yeni Azərbaycan Partiyasını, həm müxalifəti təmsil edən, həm də bitərəf deputatlar var. Bu səbəbdən demək olmaz ki, nümayəndə heyətinin bütün üzvləri eynu namizədə səs verəcəklər", - Hacıbəyli vurğulayıb.

Millət vəkili deyib ki, payız sessiyasında gündəliyə Azərbaycanla bağlı məsələ salınmasa da, nümayəndə heyətinin üzvləri müzakirələrdə çox fəal olacaqlar. "Biz yenə də bir neçə vacib hesab etdiyimiz problemlərlə bağlı məsələ qaldıracağıq. Amma əvvəlki sessiyalarda olduğu kimi qaldıracağımız məsələləri indi açıqlamaq istəmirik", - Hacıbəyli qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti