...

Azərbaycan Prezidenti Milli Məclisin yeni korpusunun istifadəyə verilməsi mərasimində iştirak edib

Siyasət Materials 25 Sentyabr 2009 18:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Milli Məclisin inzibatı binasının yeni inşa olunmuş korpusunun istifadəyə verilməsi mərasimində iştirak edib.
Azərbaycan Prezidenti Milli Məclisin yeni korpusunun istifadəyə verilməsi mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Milli Məclisin inzibatı binasının yeni inşa olunmuş korpusunun istifadəyə verilməsi mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və yeni korpus ilə yaxından tanış olub.

2007-ci il noyabrın 3-də Milli Məclisin deputatlarının iş şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni korpusun təməli qoyulub. Dövlət başçısının göstərişi ilə inşa olunan onbeşmərtəbəli yeni korpusun inşası vaxtından əvvəl başa çatdırılıb. Yeni korpusun layihəsini "Azərdövlətlayihə" İnstitutu hazırlayıb, tikinti işlərini əsasən yerli mütəxəssislər həyata keçiriblər.

Milli Məclisin yeni korpusunun nəinki MDB məkanında, hətta bir sıra inkişaf etmiş ölkələrdə belə analoqu yoxdur.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyevə parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı təqdim edilib.

Parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya da Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı təqdim olunub.

Prezident İlham Əliyev Milli Məclisin yeni korpusunun inşasını, burada deputatların fəaliyyəti üçün yaradılan şəraiti yüksək qiymətləndirib və qanunverici orqanın işinə uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti