...

Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib tərəfdaşıdır - Sloveniya Prezidenti

Siyasət Materials 1 Oktyabr 2009 18:24 (UTC +04:00)
Sloveniya Prezidenti Danilo Türk Azərbaycana enerji təhlükəsizliyində Avropanın vacib tərəfdaşı kimi baxır.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib tərəfdaşıdır - Sloveniya Prezidenti

Fransa, Strasburq, 01 oktyabr / Trend , müxbir A.Məhərrəmli/

Sloveniya Prezidenti Danilo Türk Azərbaycana enerji təhlükəsizliyində Avropanın vacib tərəfdaşı kimi baxır.

"Azərbaycan enerji təhlükəsizliyində Avropanın vacib tərəfdaşıdır və bu məsələdə konstruktiv rol oynaya bilər", - Sloveniya Prezidenti Danilo Türk cümə axşamı Strasburqda jurnalistlərə deyib.

"Mən bu məsələni və ümumilikdə təhlükəsizlik məsələlərini Bakıya rəsmi səfərim zamanı danışıqların gündəliyinə daxil etmək niyyətindəyəm", - Türk deyib.

"Sloveniya Prezidentinin noyabrın 9-10-da Azərbaycana səfəri nəzərdə tutulub", - Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar bir müddət əvvəl Trend -ə deyib.

Sloveniya Prezidenti hesab edir ki, Azərbaycan bu məsələdə və həmçinin sülh müqaviləsinin saxlanmasında konstruktiv rol oynaya bilər.

Türkün sözlərinə görə, Azərbaycan və Sloveniya arasında yaxşı dost münasibətləri mövcuddur. "İki ölkə arasında siyasi məsləhətləşmələri gücləndirmək lazımdır və bu məqsədlə noyabrda Azərbaycana səfər etməyi planlaşdırıram", - o bildirib.

"Mən artıq Azərbaycan Prezidenti ilə BMT-də görüşmüşəm və onun müdrikliyini və siyasi baxışlarını yüksək qiymətləndirirəm. Biz Azərbaycan və Sloveniya arasında siyasi məsləhətləşmələri gücləndirmək istəyirik", - Prezident bildirib.

Türk qeyd edib ki, danışıqların gündəliyinə həmçinin Dağlıq Qarabağ münaqişəsi məsələsi də daxil olacaq. "Son zamanlar bu məsələdə müsbət irəliləyişlər mövcuddur. Eyni zamanda, Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırılması da müsbətdir, Türkiyənin Ermənistana dair siyasətindən münaqişənin həllinə müsbət töhfə gözləmək olar. Bu, geniş kontekstdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasına yardım edəcək", - Sloveniya Prezidenti belə hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti