Gürcüstan, Tbilisi, 05 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Leyboristlərin fikrincə, Talyavini komissiyasının hesabatına uyğun olaraq Gürcüstan Prezidenti hərbi cinayətkar adlandırılmalı və Haaqa tribunalı qarşısına çıxmalıdır. Bu barədə bugünkü mətbuat konfransında Leyboristlər Partiyasının beynəlxalq katibi Nestan Kirtadze deyib.
Onun sözlərinə görə, komissiya Saakaşvilini hərbi cinayətlərdə, aktiv hərbi əməliyyatların aparılmasında, xüsusilə də Sxinvalidə genişmiqyaslı hərbi əməliyyatların aparılmasında və qadağan olunmuş silahlardan istifadə olunmasında, qeyri-hərbi obyektlərin atəşə tutulmasında və məhv edilməsində, BMT-nin sülhməramlı qüvvələrinə hücum olunmasında günahkar olduğunu aşkara çıxarıb.
O deyib ki, Gürcüstan 2003-cü ildə Roma statusuna qoşuldu və o vaxtdan ona Haaqa yurisdiksiyası şamil edilir. Roma statusunun 8 və 17-ci maddələri yuxarıda qeyd olunan əməliyyatları nəzərdən keçirir.
Buna görə də Leyboristlər Partiyası tezliklə təhqiqatların aparılması, Gürcüstanın hazırkı prezidentinin hərəkətlərinin qiymətləndirilməsi, Saakaşvili və onun rejiminin ölkənin siyasi rəhbərliyindən uzaqlaşdırılması üçün rəsmi Brüsel və Vaşinqtona müraciət edib.
"Əks halda o, region üçün yenə də problem yaradacaq", - Kirtadze deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]