...

Azərbaycanın müxalifət partiyası heç bir qüvvənin Türkiyə ilə Azərbaycan arasında münasibətlərin pozulmasına nail ola bilməyəcəyini bəyan edir

Siyasət Materials 21 Oktyabr 2009 15:13 (UTC +04:00)
“Hər iki ölkədə iqtidarda olan siyasətçilər də bu faktı mütləq nəzərə alıb siyasi və diplomatik əlaqələrini bu yöndə qurmalı, informasiya manipulyasiyalarının qurbanına çevrilməməli, gərginliyi səmimi dialoqla aradan qaldırmalıdırlar”, - çərşənbə günün Trend News-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mətbuat xidmətindən bildirilib.
Azərbaycanın müxalifət partiyası heç bir qüvvənin Türkiyə ilə Azərbaycan arasında münasibətlərin pozulmasına nail ola bilməyəcəyini bəyan edir

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycanın müxalifət partiyası heç bir qüvvənin Türkiyə ilə Azərbaycan arasında münasibətlərin pozulmasına nail ola bilməyəcəyini bəyan edir.

"Hər iki ölkədə iqtidarda olan siyasətçilər də bu faktı mütləq nəzərə alıb siyasi və diplomatik əlaqələrini bu yöndə qurmalı, informasiya manipulyasiyalarının qurbanına çevrilməməli, gərginliyi səmimi dialoqla aradan qaldırmalıdırlar", - çərşənbə günün Trend -a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Türkiyənin birtərəfli qaydada xoş məram nümayiş etdirərək Ermənistanla sərhədləri açmaq istəyi əvəzində qarşı tərəfin iddialarından əl çəkməməsi, xüsusilə Dağlıq Qarabağ probleminin həllində irəliləyiş olmadan protokolların imzalanması təbii olaraq iki qardaş ölkə arasındakı münasibətləri anlaşılmaz vəziyyətə gətirib çıxarıb. "Bursada keçirilən Türkiyə-Ermənistan futbol matçı zamanı Azərbaycan bayrağına edilən hörmətsizliyin ardınca Azərbaycanda "Bayraq haqqında" qanunun tələblərinə müvafiq olaraq əcnəbi ölkə bayraqlarının, o cümlədən Türkiyənin bayrağının bəzi yerlərdən götürülməsi isə birmənalı qarşılanmamaqla bərabər, bu diplomatik gərginliyi daha da artırıb", - məlumatda vurğulanır.

VHP hesab edir ki, hər iki qardaş ölkənin iqtidarı Türkiyə ilə Azərbaycan dövləti arasında hazırkı dönəmdə gərginlik yaratmaq istəyən gücləri aydınlaşdırmalı, münasibətlərin bu yerə gəlib çıxmasında maraqlı olan düşmən qüvvələrin dəyirmanına su tökməməli, kifayət qədər dözüm və iradə nümayiş etdirməlidirlər. "İki qardaş ölkənin münasibətlərini gərginləşdirməyə çalışan qüvvələr tarixin müəyyən dönəmlərində buna nail olsalar da, heç bir zaman Türkiyə və Azərbaycan cəmiyyətinin qəlbindən qardaşlıq, birlik və bütövlük sevgisini çıxara bilməyiblər. Türkiyə Azərbaycanın həmişə güvənc, qürur və sevgi məkanı olub və müvəqqəti iqtidarlar dini, dili, soykökü və düşüncəsi eyni olan əbədi millətin irədəsini həyata keçirməyə məhkumdurlar", - məlumatda əlavə olunur.

Vətəndaş Həmrəyliyi Partiyası Milli Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının rəhbərliyi altında 1992-ci il sentyabrın 26-da bir qrup ziyalı tərəfindən yaradılıb. 1992-ci il noyabrın 3-də dövlət qeydiyyatına alınan VHP 1995, 2000, 2005-ci illərdə parlament, 2003-cü il prezident, 1999, 2004-cü il bələdiyyə seçkilərində iştirak edib. Partiyanın sədri millət vəkili, xalq şairi Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkisində isə prezidentliyə namizəd olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti