Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi noyabr ayında seçiləcək.
"Bu məsələ noyabrın 18-də Parisdə Avropa Şurası Monitorinq Komitəsinin keçiriləcək iclasında müzakirəyə çıxarılacaq", - cümə günü Trend -a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli bildirib.
Trend -un arayışı: Avropa Şurası Parlament Assambleyasının Azərabaycan üzrə həmməruzəçisi Yevgeniya Jivkova 2009-cu ilin iyunda bu vəzifədən gedib. AŞPA-nın Azərbaycan üzrə digər həmməruzəçisi Andres Herkeldir.
Hacıbəylinin sözlərinə görə, həmin iclasda Azərbaycanla bağlı yalnız bir məsələ gündəliyə salınıb.
"Bildiyiniz kimi, həmməruzəçi məsələsi AŞPA-nın payız sessiyasında müzakirə edilsə də, komitənin katibliyində sənədləşmə işlərində müəyyən problem olduğu üçün təxirə salınıb. Ötən müzakirələr zamanı namizədlərin də hamısı iclasda iştirak etməmişdilər", - millət vəkili əlavə edib.
Nümayəndə heyətinin üzvü deyib ki, bundan başqa noyabr ayında AŞPA-nın insan haqları və hüquq məsələləri, qaçqınlar, miqrasiya və əhali məsələləri komitələrinin iclasları da keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]