Türkmənistan, Aşqabad, 05 noyabr / Trend , müxbir H.Həsənov /
Aşqabad Xəzər problematikasının "yalnız diplomatik yollarla" həllinin tərəfdarıdır, bu barədə ölkənin xarici siyasət idarəsinin məlumatında deyilir.
1992-ci ildən başlayaraq Xəzər regionunun beş dövləti - Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran arasında bu məsələyə dair fəal danışıqlar aparılır, maraqlı tərəflər qarşılıqlı qəbul edilə bilən həllərin axtarışı ilə məşğuldur.
"Türkmənistan danışıq prosesinin bütün iştirakçılarının milli maraqlarının gözlənilməsi tərəfdarıdır və qətiyyətlə sözügedən məsələyə dair qəbul edilən beynəlxalq hüquq normalarına əsaslanır.... Türkmənistan Xəzər problematikasının yalnız diplomatik yollarla həllinin tərəfdarıdır", - press-relizdə deyilir.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması barədə ilk razılıq Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 1996-cı ilin noyabrın 11-12-də Aşqabadda keçirilən görüşündə əldə olunub.
Bu görüşdə daimi fəaliyyət göstərən danışıq mexanizminin təşkilati-hüquqi forması, işi son illər fəallaşan xüsusi işçi qrup (XİQ) formasında müəyyən edilib. Bu günlərdə Türkmənistanın paytaxtında növbəti iclas keçirilir. Azərbaycanı sözügedən iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
Türkmənistan xarici siyasətinin əsas prinsipi "maraqlı tərəfdaşlıq üçün münasib şəraitin təmin edilməsi, müxtəlif sahələrdə qarşılıqlı səmərəli iqtisadi layihələrin həyata keçirilməsi, dostluq, qarşılıqlı anlaşma mühitinin yaradılmasıdır".
"Xüsusən bu, Türkmənistanın tarixi, mədəni-humanitar və coğrafi ümumilik ilə bağlı olduğu qonşu ölkələrə aid edilir. Mehribanlıq, qarşılıqı hörmət, bərabərhüquqluluq Xəzər dənizi hövzəsində sülhün, təhlükəsizliyin və beynəlxalq əməkdaşlığın möhkəmlənməsi naminə birgə qarşılıqlı fəaliyyət üçün vacib amillərdir", - XİN-in məlumatında deyilir.
Aşqabadda hesab edildiyi kimi, Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın qəbul edilməsi "hazırda Xəzər dənizinin bioloji resurslarının qorunması, təkrar istehsalı və istifadəsi sahəsində, ticarət gəmiçiliyi sahəsində, həmçinin Xəzərin dibinin karbohidrogen resurslarının və yeraltı sərvətlərinin istifadəsi və işlənməsi sahəsində mövcud olan problemlərin aradan qaldırılmasına" imkan verəcək.
Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədov bu yaxınlarda bəyan edib ki, Türkmənistan Azərbaycan ilə Xəzərdəki bir sıra yataqların mənsubiyyəti məsələsi üzrə gələcək ikitərəfli danışıqların aparılması imkanlarını nəzərdən keçirir. O qeyd edib ki, kompromis həllərin tapılması üçün bəzi "yaxşı variantlar" mövcuddur.
Hazırda iki türkdilli dövlət Avropa İttifaqı tərəfindən, ölkələrə enerji daşıyıcıları satışı bazarının diversifikasiya etməyə imkan verəcək gələcək "Nabukko" qaz kəməri üçün xammal mənbəyi rolunda nəzərdən keçirilir.