...

Azərbaycanın Rusiyadakı səfiri MDU tələbələri ilə görüşüb

Siyasət Materials 19 Yanvar 2010 17:31 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskva Dövlət Universitetinin (MDU) tələbələri ilə görüşüb. Görüşün təşkilatçısı MDU-nun Tarix fakültəsi olub.
Azərbaycanın Rusiyadakı səfiri MDU tələbələri ilə görüşüb

Rusiya, Moskva, 19 yanvar / Trend , müxbir İ.Bragina/

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskva Dövlət Universitetinin (MDU) tələbələri ilə görüşüb. Görüşün təşkilatçısı MDU-nun Tarix fakültəsi olub. Tədbiri ölkələr arasındakı əlaqələrin dərinləşməsi üçün bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edən universitetin prorektoru Nikolay Semin açıb.

Tarix fakültəsinin dekan müavini Aleksey Vlasov öz çıxışında MDU-nun Azərbaycan və Rusiya arasındakı əməkdaşlığın əlaqələndirici elementlərindən biri olduğunu diqqətə çatdırıb. MDU-nun Bakı filialının açılışı və məhsuldar fəaliyyəti bunun təsdiqidir. Onun sözlərinə görə, RusiyaAzərbaycan rəhbərliyinin cəhdləri uzun illər möhkəm və səmərəli əməkdaşlıq üçün bünövrə yaradıb.

"Sizin qarşınızda çıxış etmək mənə çox xoşdur, çünki ölkələrimiz arasındakı münasibətləri yaxın gələcəkdə məhz siz müəyyən edəcəksiniz və tarixçi kimi bizim zəngin ümumi irsimizi detalları ilə yaxşı anlamaq lazımdır", - azərbaycanlı səfir Polad Bülbüloğlu deyib. O vurğulayıb ki, MDU-dakı bu görüş 1990-cı ildə Azərbaycanda baş vermiş faciənin 20 illiyi ərəfəsində keçirilir. "Qanlı Yanvar" Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb. "20 il ötüb, lakin faciənin ağrısı sakitləşmir. Və gənc tarixçilər kimi öyrənmək sizə maraqlı olacaq ki, açıq-aşkar vəhşiliyə baxmayaraq, heç kəs cəzalandırılmayıb. Demək olar ki, 150 qurbana görə heç kəs cavab verməyib", - Bülbüloğlu deyib.

Eyni zamanda, o vurğulayıb ki, Azərbaycanda heç kəs müasir Rusiyanı SSRİ ilə eyniləşdirmir. "Bu gün Rusiya tamamilə ayrı bir ölkədir və biz birlikdə keçmişdə baş vermiş hadisələrdən dərs almalıyıq. 20 Yanvar hadisələrindən çıxan dərs bundan ibarətdir ki, heç vaxt heç bir vəchlə nizami ordunu öz xalqına qarşı yönəltmək olmaz - bu dövlətin iflasa uğramasına səbəb olur. Elə münasibət qurmaq lazımdır ki, bu cür faciələr təkrarlanmasın", - Azərbaycanın Rusiyadakı səfiri yekunlaşdırıb.

Rusiya və Azərbaycan arasındakı hazırkı münasibətlərin vəziyyətinə gəlincə, səfir "Rusiya və Azərbaycan: əməkdaşlığın vəziyyəti" Azərbaycan və Rusiya Cəmiyyətləri Forumunun Bakıdakı hazırlığından danışıb. Moskvadan Foruma müxtəlif təşkilatları təmsil edən 140 nəfər gələcək. Azərbaycanda Rusiya ili keçirilib, həmçinin Rusiyada da Azərbaycan ili keçirilib. Onun sözlərinə görə, Forumun məqsədi münasibətlərin bu cür müsbət dinamikasının davam etdirilməsidir. "Biz iki ölkənin ictimai xadimlərinin münasibətləri və əlaqələrinə yeni stimul verməyi vacib hesab etdik. Bizim fikrimizcə, Forum hər il keçirilməlidir və onun keçirilməsi növbəli olmalıdır, Bakıdan sonra müvafiq olaraq Moskvada təşkil oluna bilər", - səfir deyib.

Tələbələrlə görüşdə Aleksey Vlasov "Azərbaycan-Rusiya əlaqələri tarixi" ümumi dərsliyinin yaradılması barədə təklifini və həmin dərsliyin hazırlanmasında Azərbaycan və Rusiya tarixçilərinin eyni səviyyədə iştirakı təklifini ifadə edib. Azərbaycan səfiri bu təklifi dəstəkləyib.

"Rusiya rus dilinin istifadə olunduğu ölkələrdə rus dilinin inkişafı və dəstəklənməsinə qüvvə sərf etməlidir", - Azərbaycan səfiri deyib. "Bu cür işlər görülməzsə, rus dilindən istifadəni bərpa etmək mümkün olmayacaq. Fransanın frankofoniya ölkələri asossasiyası ilə, Böyük Britaniyanın "Britaniya Şurası" ilə olan təcrübəsini tətbiq etmək lazımdır. Onlar dillərin öyrənilməsi mərkəzlərinə milyonlar qoyurlar, tələbələri təcrübəyə göndərirlər, təhsilə qrantlar ayırırlar", - Azərbaycanın Rusiyadakı səfiri MDU-nun tələbələri qarşısında çıxışı zamanı deyib. Onun fikrincə, Rusiyada XİN-in ölkələrdə həmrəylik işi üzrə agentliyi yanında "Rus dünyası" ictimai təşkilatının yaradılması vəziyyəti düzəldə bilər.

Xəbər lenti

Xəbər lenti