Azərbaycan, Bakı, 5 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanda qarlı və buzlu hava şəraiti ilə əlaqədar olaraq paytaxt yol polisi gücləndirilmiş iş rejiminə keçib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə müdiri Cəmşid Hənifəyev cümə günü Trend -a bildirib ki, yollar buz bağladığından bu gün səhər saatlarından etibarən paytaxt polisi gücləndirilmiş iş rejimində işləyir.
Şöbə rəisinin sözlərinə görə, buzlu yollara qum səpilib. BŞDYPİ sürücülərə şaxtalı və qarlı havalarda şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi tövsiyə edir, onlardan ictimai nəqliyyatdan istifadə etmələrini xahiş edir.
Fevralın 4-dən 5-nə keçən gecə Bakıya qar yağmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib ki, Azərbaycanda buzlu və anomal hava şəraiti fevralın 8-ə kimi davam edəcək.