Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir S.Ağayeva/
Klassik Azərbaycan kinematoqrafiyasının şedevrlərindən biri olan "Arşın mal alan" filmi İordaniyada nümayiş olunub. İngilis dilinə dublyaj olunmuş film Azərbaycanın İordaniyadakı səfirliyinin mərasim zalında göstərilib. Bu barədə Diplomatik Missiyadan Trend -a bildirilib.
Filmin nümayişinə Azərbaycan-İordaniya dostluq cəmiyyətinin üzvləri, İordaniyanın Azərbaycan cəmiyyətinin nümayəndələri dəvət edilib.
Nümayişdən əvvəl Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı izləyicilərə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun yaradıcılığı, onun "Arşın mal alan" əsərinin səhnələşdirilməsi barədə danışıb.
Azərbaycan-İordaniya dostluq cəmiyyətinin məsul katibi X.Həmsəvi ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək inkişaf səviyyəsini qeyd edərək bu əlaqələrin bütün sahələrdə, xüsusən də humanitar və mədəni sahələrdə möhkəmlənməsinin vacibliyini vurğulayıb. O, həmçinin iki ölkənin milli mədəniyyətinin öyrənilməsinin vacibliyini qeyd edib.
Həmsəvi İordaniya nümayəndə heyəti tərkibində Bakıya səfəri zamanı Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə görüşdən yaranan təəssüratlarını bölüşüb.
İzləyicilər filmə böyük maraqla baxıblar. İordaniya KİV-ləri nümayiş olunmuş Azərbaycan filmi ilə bağlı materiallar dərc edib.