...

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 18 Mart 2010 20:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan, Bakı, 18 mart / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Xalqımız min illər ərzində təşəkkül tapmış ənənələrə sadiq qalaraq hər il Novruz gününü təntənə ilə bayram edir. Təbiətlə insanın sarsılmaz vəhdətinə dair qədim təsəvvürləri əks etdirən Novruz bayramı insanlarımızın yaddaşına əbədi həkk olunub. Ulu əcdadlarımızın indiki nəsillərə misilsiz ərməğanı olan Novruz adət-ənənələrinin günümüzədək layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir.

Yüksək mənəviyyat xəzinəsi sayılan Bahar bayramı milli-mədəni sərvətlərimizin zənginliyini dolğun ifadə edir. O, böyük mənəvi gücə malik olub, insanlar arasında qarşılıqlı dostluq, səmimiyyət, qayğıkeşlik və qardaşlıq duyğularını gücləndirir, cəmiyyətdə əmin-amanlığın və xoş münasibətlərin bərqərar olmasına zəmin yaradır.

Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir. Ən ali keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edilməsi təqdirəlayiq haldır.

Bahar bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi və yurdumuzun hər bir guşəsində sonsuz sevinclə qarşılanması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərdəndir. Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan və qəlbləri Azərbaycanla birgə döyünən soydaşlarımız bu əziz günü bizimlə bərabər qeyd edirlər", - təbrikdə bildirilir.

Prezident milli dəyərlərə sadiqlik və həmrəylik duyğusunun bütün azərbaycanlıları doğma Vətənimizin inkişafı naminə daha sıx birləşdirəcəyinə əminliyini bildirib.

Prezident xalqımıza bahar təravətli bayram əhval-ruhiyyəsi arzulayıb.

Xəbər lenti

Xəbər lenti