Azərbaycan, Bakı, 1 aprel /Trend , müxbir R.Hafizoğlu/
Türkiyədə müxalifətdə olan millət vəkilləri və ekspertlər ölkədə konstitusiyaya dəyişiklik məsələsində fikir ayrılığındadırlar.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçirdiyi qrup toplantısında ölkəsinin mövcud konstitusiya ilə irəli gedə bilməyəcəyini deyib.
Baş nazir onu da qeyd edib ki, Türkiyə konstitusiyanın dəyişdirilməsi üçün ölkə müxalifətindən də dəstək gözləyir. Ərdoğanın sözlərinə görə, ölkənin siyasi elitası və Türkiyə ictimaiyyəti konstitusiyanın dəyişdirilməsinin lehinədir. Ölkə konstitusiyasına dəyişiklik edilməsi təklifi hal-hazırda Türkiyə Parlamenti xüsusi komissiyası tərəfindən araşdırılır.
Türkiyədə müxalifətdə olan Böyük Birlik Partiyasının sədri Yalçın Topçu hesab edir ki , ölkədə 27 ildir konstitusiya dəyişikliyinə ehtiyac var.
"Türkiyədə 27 ildir konstitusiya dəyişikliyinə ehtiyac var. Bugünkü konstitusiya hərbi rejimin gətirdiyi və sadəcə, ordunun maraqlarını qoruyan konstitusiyadır", - deyə Topçu Trendə bildirib.
Topçu hesab edir ki, bu vaxta qədər olan koalision hökumətlər Türkiyə Konstitusiyasının hərbi xuntanı qorumasını bildirmələrinə rəğmən, konstitusiyanın dəyişdirilməsi üçün ciddi addım atmayıblar.
Türkiyədəki TASAM (Türkiyə Avrasiya Araşdırmalar Mərkəzi) direktoru Süleyman Şensoy da hesab edir ki , Türkiyədə nəinki konstitusiyanın bəzi bəndlərinin dəyişikliyinə, hətta konstitusiyanın tam olaraq dəyişilməsinə ehtiyac var.
"1982-ci ildəki hərbi çevrilişdən sonra təsdiq edilən hazırkı konstitusiya, "soyuq müharibə" şərtləri və psixologiyası əsasında tərtib edilib", - deyə Şensoy bildirib.
O hesab edir ki, hal-hazırda Ankaranın regionda artan gücünü və regionda dominantlığını nəzərə alsaq, Türkiyənin yeni konstitusiyaya ehtiyacı olduğunu görmək mümkündür. Lakin iqtidarın hakimiyyətinin səkkizinci ilində bunu etməsi bir az gecikmiş addımdır.
Böyük Birlik Partiyasının sədri Yalçın Topçu da, konstitusiya dəyişikliklərinin indi edilməsini gecikmiş addım kimi dəyərləndirib.
Müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasından (MHP) millət vəkili Rəşad Doğru isə hesab edir ki, hal-hazırda ölkədə konstitusiya dəyişikliyinə ehtiyac yoxdur.
"Daha yaxşı olar, konstitusiya dəyişikliyi AKP hakimiyyəti zamanı deyil, 2011-ci ildəki Parlament seçkilərindən sonra edilsin", - deyə Doğru bildirib.
Doğrunun fikrincə, AKP hakimiyyəti Şimali Kipr, İraq türkmənləri və Dağlıq Qarabağ məsələsindəki səhvləri düzəltməlidir. MHP-dən olan millət vəkili iqtidarın konstitusiyaya dəyişiklik etmək istəyini, diqqəti buraxdıqları səhvlərdən yayındırmaq kimi qiymətləndirib.
AKP konstitusiyaya dəyişikliklərin edilməsi üçün lazım olan səs çoxluğuna (üçdəiki hissə) malik olmadığı üçün, Türkiyə hökuməti qanun layihəsinin referenduma çıxarılacağını bildirib. Konstitusiyaya ediləcək dəyişikliklərə prezidentin səlahiyyət müddətinin uzadılması, səlahiyyət müddəti bitən prezidentin yenidən namizədliyini irəli sürməsi, ölkədə ombudsmanlıq fəaliyyətinin olması və siyasi partiyaların bağlanılmasının çətinləşdirilməsi məsələsi daxil olacaq.
Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) direktoru Sinan Oğan da hesab edir ki, ölkədə konstitusiya dəyişikliyinə ehtiyac var, lakin fövqəladə hallar istisna olmaqla, bu vaxta qədər edilən bütün dəyişikliklər razılaşma əsasında edilib.
"Ehtimallar göstərir ki, Parlament konstitusiya dəyişikliyini təsdiq etməyəcək və referendum təşkil ediləcək", - deyə Oğan bildirib.
Oğan hesab edir ki, ola da bilsin, konstitusiya dəyişikliyi haqda referendum keçirilməsi məsələsi Parlamentdə müzakirə zamanı 330 səsdən az səs toplansın və konstitusiya dəyişikliyi heç referenduma da çıxarılmasın. Onun sözlərinə görə, hər hansı bir adi qanun dəyişikliyi üçün razılaşmaya ehtiyac olmaya bilər, lakin konstitusiya dəyişikliyi üçün mütləq razılaşmaya ehtiyac var.
"Türkiyə müxalifəti konstitusiya dəyişikliyini dəstəkləmir. Konstitusiyaya razılaşdırılmadan müdaxilə ölkədə bəzi problemlər yarada bilər", - deyə Oğan qeyd edib. Onun fikrincə, konstitusiya dəyişikliyi indi yox, yeni Parlament seçkilərindən sonra edilməlidir.
Şensoy isə hesab edir ki, müxalifət, dəyişikliyi tam olaraq rədd etməklə, heç nəyə nail olmayacaq və bu, çıxış yolu hesab edilə bilməz.
"Hesab edirəm, daha yaxşı olar ki, müxalifət bu təklifi tam olaraq inkar etmək əvəzinə, uyğun görmədiyi bəndlərin çıxarılmasına, uyğun gördüklərini isə əlavə edilməsinə çalışsın", - deyə o qeyd edib.
Şensoyun fikrincə, hakimiyyət konstitusiya dəyişikliyi edə bilsə, bu onun qazandığı zəfərlərdən biri olacaq.