...

Serj Sarkisyanın uğursuz siyasəti: yaxşı olmağını istəyirdi, həmişəki kimi alındı - Trend-in icmalçısı

Siyasət Materials 7 Aprel 2010 09:00 (UTC +04:00)

Trend-in Avropa redaksiyasının icmalçısı Elmira Tarıverdiyeva

Erməni müxalifəti ölkədə növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə yenidən mitinqlərə hazırlaşır və öz mövqeyini Ermənistanın maraqları naminə bu cür addımın vacibliyi ilə izah edir. Belə ki, "bugünkü hakimiyyət həyatın bütün sahələrinə nəzarəti itirib".

Müxalifətin məqsədi hər nə olsa da, onun liderlərinin sözlərində həqiqət var, özü də böyük həqiqət. Əgər ötən il Ermənistanın xarici siyasi kursu Pezident Serj Sarkisyanın regionda bəzi proseslərdə irəliləyişə nail olunmasına dair səyləri ilə yadda qaldısa, bu il Ermənistan hakimiyyətinin bütün təşəbbüslərində ciddi durğunluq nəzərə çarpır. Ən əsası söhbət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlardakı və nəticə etibarilə Türkiyə ilə münasibətlərin nizamlanmasındakı durğunluqdan gedir.

Etiraf etmək lazımdır ki, Ermənistan Prezidenti Sarkisyan xarici siyasi arenada ölkənin kursunu dəyişmək istəyirdi, hətta bundan ötrü bəzi səylər də göstərdi. 2008-ci ilin sonunda Azərbaycan və Ermənistan prezidentləri niyyət haqqında "Moska bəyannaməsi"nə öz imzalarını atdılar. Bəyannamədə münaqişənin siyasi vasitələrlə, ATƏT-in Minsk qrupunun həmsədrləri qismində Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə həllinin vacibliyi qeyd olunub. Və həqiqətən də ötən il müşahidəçilər və vasitəçilər Dağlıq Qarabağ probleminin nizamlanması üzrə əhəmiyyətli irəliləyişləri, tərəflərin sistematik görüşlərini və danışıqları məmnunluqla qeyd edirdilər.

Eyni zamanda, Ermənistan Ankara və Yerevan arasındakı "soyuqluğu", 17 il davam edən diplomatik münasibətlərin pozulmasını aradan qaldırmağa cəhd göstərdi. Öz ölkələrinin yığma komandaları arasında keçirilmiş futbol matçında iştirak edən Türkiyə və Ermənistan prezidentlərinin qarşılıqlı səfərləri ilə yadda qalan yaxınlaşma prosesinin qızğın başlanğıcı 2009-cu il oktyabrın 10-da təntənəli sonluqla başa çatdı. Sürixdə hər iki ölkənin xarici işlər nazirləri dövlətlərarası qarşılıqlı münasibətlərin nizamlanması üzrə "Yol xəritəsi" adlanan protokolları imzaladılar. Həmin protokollara əsasən, Türkiyə və Ermənistan siyasi yaxınlaşmaya başlayır və bunun nəticəsi olaraq tam mehriban qonşuluq münasibətləri qurulur.

Lakin bütün təşəbbüslər erməni siyasətinin tam fiaskosu ilə başa çatdı. Məlum olduğu kimi, Prezident Sarkisyan öz üzərinə çox ağır yük götürdü. Hələ 2009-cu ilin sonlarında məlum oldu ki, Sarkisyanın irəli sürdüyü bütün təşəbbüslər "yerində qalaraq irəliləmədi", prezident qonşularla problemlərin həlli üçün götürdüyü tempi saxlaya bilmədi. Bundan əlavə, görünür ki, məhz erməni tərəfinin qeyri-konstruktivliyi elə maneəyə çevrilib ki, onların opponentlərinin xoş niyyətləri belə bunu aradan qaldıra bilməz.

Son vaxtlar erməni tərəfi bu və ya digər prosesin ölü nöqtədən tərpənməməsi üçün hər şeyi edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, oktyabrın 9-da Kişinyovda Dağlıq Qarabağ üzrə danışıqlarda erməni tərəfi iki-üç il əvvəl razılaşdırılmış məsələlərin müzakirəsinə qayıdıb. 2010-cu ilin əvvəlində isə Ermənistan Bakının razılaşdığı və vasitəçilərin hər iki tərəfin fikirlərini nəzərə alaraq hazırladığı danışıqlara dair əsas sənədin - "Madrid prinsipləri"nin yenilənmiş variantının bəzi bəndləri ilə razılaşmayaraq Dağlıq Qarabağ məsələsində irəliləyişə nail olmaq üçün səy göstərməyi dayandırıb.

Ermənistanın Türkiyə ilə münasibətləri də yaxşı deyil və çoxdandır ki, münasibətlərin həqiqi normallaşdırılmasından söhbət getmir. Məsələ ondadır ki, respublikanın bütün beynəlxalq müqavilələrini parlamentə ratifikasiyaya getməmişdən öncə nəzərdən keçirən Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan-Türkiyə protokollarını nəzərdən keçirən zaman sənəddəki "erməni soyqırımı"na və Qars müqaviləsi üzrə itirilmiş "Ermənistan torpaqları"na dair bəndə dəyişiklik etdi.

Təəccüblü deyil ki, Türkiyə tərəfi buna kifayət qədər tez reaksiya verərək bildirdi ki, protokollara zidd olan belə böhtanlarla danışıqlar prosesi çətin ki davam etsin.

Belə bir hiss yaranır ki, Ermənistan prosesi geri çəkmək üçün hər şeyi edir. Belə dönüş sadə şəkildə izah edilir: Prezident Sarkisyan Ermənistanın qonşu Türkiyə və Azərbaycan ilə münasibətlərinin yaxşılaşdırılmasında hər hansı bir işarəyə qarşı kütləvi mitinq, etiraz aksiyaları təşkil etməkdən yorulmayan daxili güclərə və dünya erməni diasporunun təzyiqlərinə müqavimət göstərə bilmədi.

ABŞ diasporunun özəyini təşkil edən erməni lobbisinin əsas məqsədi 1915-ci il "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması, Dağlıq Qarabağın müqəddəratının təyin olunması, Gürcüstandakı erməni icmasının hüquqlarının gözlənilməsidir. Hazırkı Ermənistan hökuməti ölkənin zəif iqtisadi sistemini maliyyələşdirən, əvəzində milli maraqların və Ermənistanın təhlükəsizliyinin təmin olunmasını, həmçinin Dağlıq Qarabağın işğal olunmuş ərazilərinin saxlanmasını tələb edən diasporun daimi təzyiqi altındadır.

Sakisyanın ölkədə həll olunmayan siyasi böhran nəticəsində yaranan daxili problemlər və çatışmazlıqlarından diqqəti ayrımaq üçün Ankara ilə barışmaq və Azərbaycan ilə danışıqlar aparmaq üzrə həyata keçirdiyi kurs prezidentin hesablaşa bilmədiyi lobbi nümayəndələrinin qəzəbinə səbəb oldu.

Bundan əlavə, müxalifət və mühafizəkar siyasi təbəqə ilə birgə erməni sakinlər də qonşularla sülh şəraitində yaşamağa hazır deyildi.

Sarkisyan sadəcə olaraq ən az legitimliyə malik Ermənistan hökumətinin yeni tarixi dövründə onsuz da qeyri-stabil olan vəziyyətini və qeyri-populyarlığını daha da dərinləşdirməkdən qorxdu. Yekun olaraq isə Ermənistan hökuməti Azərbaycan və Türkiyə ilə danışıqlar prosesinin məntiqi sonluğa çatmaması üçün hər şeyi etməyə çalışdı. Ola bilsin ki, Sarkisyan yaxşı etmək istəyirdi, lakin həmişəki kimi pis alındı. Belə ki, öncə danışıqları ruh yüksəkliyi ilə başlayan sonradan isə sülh təşəbbüslərini yaddan çıxardan bir ölkəyə etibar yoxdur.

Xəbər lenti

Xəbər lenti