Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir R.Hafizoğlu/
ABŞ Prezidenti Barak Obama və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda görüş keçirəcək, lakin görüş rəsmi xarakter daşımayacaq. Bunu Türkiyə hökumət başçısının Avrasiya məsələləri üzrə müşaviri Qeybulla Ramazanoğlu Trend-ə deyib.
"Obama və Ərdoğanın görüşməyəcəkləri barədə məlumat doğru deyil. Görüş baş tutacaq, lakin həmin görüş rəsmi xarakter daşımayacaq", - Ramazanoğlu Ankaradan telefon vasitəsliə bildirib.
Ağ evin nümayəndəsi Robert Gibbs Obama və Ərdoğanın ikitərəfli görüşü barədə sualı cavablandıraraq deyib ki, "Görüş planlaşdırılmayıb, lakin ABŞ Prezidenti ermənistanlı həmkarı Serj Sarqsyan ilə görüşəcək", - Türkiyənin "Cihan" agentliyi məlumat verir.
Türkiyənin Baş naziri Prezident Obamanın rəhbərliyi altında keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün aprelin 12-13-də ABŞ-a səfər edəcək.
Ramazanoğlu deyib ki, ABŞ və Türkiyə başçıları görüş zamanı hələ dəqiqləşdirilməmiş bir sıra məsələləri müzakirə edəcəklər.
Türkiyə Baş nazirinin müşaviri Türkiyə ilə münasibətdə ABŞ Prezidenti Obamanın siyasətinə yəhudi, yaxud erməni lobbisinin mümkün təzyiqi barədə məlumatı təkzib edib.
"Amerikanın öz qlobal strategiyası var və bundan imtina etməyəcək. Bundanəvvəlki administrasiyaların dövründə də bu cür olub, bundan sonrakılarda da belə olacaq. Superdövlətlərin prezidentlərinə təzyiq etmək üçün heç bir lobbinin imkanı yoxdur", - Ramazanoğlu bu cür izah edib.
Ramazanoğlunun sözlərinə görə, Konqresin seçki ərəfəsində ermənipərəst mövqe tutanların cəhdləri, adətən, güclənir, lakin şeçkiqabağı kampaniya dövrünə qədər davam edir.
"Seçkilərin keçirilməsindən sonra, ABŞ-da ermənipərəst simpatiya arxa plana keçəcək və unudulacaq", - o deyib.
Türkiyə hökumət başçısı Ərdoğan ötən həftə sammitdə iştirak edəcəyini bəyan edib.
Çərşənbə axşamı Türkiyənin ABŞ-dakı səfiri Namik Tan Ərdoğanın səfəri öncəsi Vaşinqtona qayıdıb. Tan ABŞ Konqresinin Komitəsində qondarma "erməni soyqırımı" barədə qətnamənin qəbul edilməsindən sonra geri çağırılmışdı.