...

İlham Əliyev Polşa prezidentinin təyyarə qəzasında həlak olması ilə bağlı başsağlığı verib

Siyasət Materials 10 Aprel 2010 20:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikası prezidentinin vəzifəsini icra edən Polşa Seyminin sədri Bronislav Komorovskiyə başsağlığı verib. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İlham Əliyev Polşa prezidentinin təyyarə qəzasında həlak olması ilə bağlı başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikası prezidentinin vəzifəsini icra edən Polşa Seyminin sədri Bronislav Komorovskiyə başsağlığı verib. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Polşa xalqına və bütün Avropa ailəsinə üz vermiş ağır itki - Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin və xanımı Mariya Kaçinskanın, Polşa Prezidenti Administrasiyasının məsul işçilərinin, Senat və Seym üzvlərinin, Polşa ordusunun yüksək rütbəli zabitlərinin təyyarə qəzasında faciəli surətdə həlak olması məni həddindən artıq sarsıtdı. Prezident Lex Kaçinskinin simasında dünya birliyi və polyak xalqı yüksək mənəvi keyfiyyətlərə malik insanı, bütün həyatını fədakarlıqla xalqına həsr etmiş böyük dövlət xadimi və siyasətçini itirdi. Bu dəhşətli qəza ilə bağlı mənim Polşa xalqına və həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığımı çatdırmağınızı xahiş edirəm. Polşa ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlığın qurulmasında Prezident Lex Kaçinskinin müstəsna xidmətləri olmuşdur. Biz həm qarşılıqlı səfərlər zamanı, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmüş, ən müxtəlif məsələlər ətrafında müzakirələr aparmışdıq. O, Azərbaycan xalqının dostu olmaqla yanaşı, ölkəmizdə yaxşı tanınan və sevilən Avropa siyasətçilərindən biri idi. İki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycanın ən ali mükafatına - "Heydər Əliyev" ordeninə layiq görülmüşdü. Bu çətin anlarda qardaş Polşa xalqına səbir və dözüm diləyir, onun kədərinə şərik olduğumu bildirirəm. Polşa xalqının böyük oğlunun xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır", - İlham Əliyevin başsağlığı məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti