Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Ü.Sadıxova/
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) sabiq rəhbəri Məhəmməd əl-Baradeyinin Misir prezidenti seçilməsi Qahirə və Tehran arasındakı münasibətlərdə yeni səhifə aça bilər. Ekspertlər belə hesab edirlər.
"Əl-Baradeyi tanınmış beynəlxalq diplomatdır, buna görə də əgər o, Misir prezidenti seçkilərində qələbə qazansa və problemləri aradan qaldıra bilsə, o zaman İran ilə münasibətlərin normallaşmasına çalışacaq", - iranlı ekspert Həsən Qənizadə Tehrandan telefon vasitəsilə Trend-ə bildirib.
Misirin böyük müxalifət partiyaları, həmçinin İslam reformist təşkilatı "Müsəlman qardaşları" 2011-ci ildə qarşıda duran prezident seçkilərində əl-Baradeyinin namizədliyini dəstəkləyəcəyini bildirib. Əgər Nobel mükafatı laureatı əl-Baradeyi namizədliyini irəli sürərsə, onun əsas rəqibi fəaliyyətdə olan prezidentin oğlu Camal Mübarək olacaq.
Ekspertlər güman edir ki, əl-Baradeyinin seçkilərdə qələbəsinin iki müsbət nəticəsi - 30 il öncə pozulmuş İran-Misir münasibətlərinin yaxşılaşdırılması və Misirə siyasi təzyiqlərin azaldılması olacaq. Belə ki, sabiq diplomatın şüarı ölkədə ciddi islahatların keçirilməsidir.
"Əl-Baradeyinin praqmatik görüşləri, daxili və xarici siyasətdə köklü dəyişikliklərə çağırışları ərəb dünyasında demokratikləşmə prosesinin başlanğıcı ola bilər", - Yaxın Şərq üzrə Türkiyənin aparıcı eksperti Mustafa Özcan bildirib.
"Misirin müxalifət partiyaları əl-Baradeyini dəstəkləyir, belə ki, onun seçkilərdə qələbəsi siyasi gərginliyin azalmasına səbəb olacaq", - İstanbuldan telefon vasitəsilə Özcan Trend-ə bildirib. - "Əl-Baradeyinin prioritetləri sırasında İrana qarşı siyasətin yumşalması da yer alır".
İranlı ekspert Qənizadə hesab edir ki, əl-Baradeyinin İrana münasibətdə mövqeyi onun "beynəlxalq siyasi arenada zəngin təcrübəsinə" əsaslanır.
12 il ərzində BAEA-da baş direktor olan əl-Baradeyi ilkin şərt olmadan İran ilə dialoqun qatı tərəfdarı olub. Odur ki, Yaxın Şərq siyasəti üzrə avropalı analitik Kiara Sulmoninin fikrincə, 2011-ci ildə seçkilərdə qələbə zamanı o, çox güman ki, ölkənin xarici siyasətində bu mövqeyə sadiq qalacaq.
Misir-İran münasibətlərində gərginlik İran hökuməti tərəfindən Yaxın Şərq hərbi qruplaşmalarına göstərilən dəstəklə bağlı Qahirənin narazılığı və bu ölkənin İraq və Yəmənin siyasətinə mümkün müdaxiləsi ilə əlaqədar davam edir. İki ölkə arasındakı münasibətlər 1978-ci ildə İranın dini rəhbərliyi Qahirəni İsrail ilə barışıq imzaladığı üçün müsəlmanların maraqlarına xəyanətdə ittiham etdikdən sonra pozulub. Tehranın mərkəzi küçəsi Misirin eks-prezidenti Ənvər Sadatın qatili Xalid İstanbulinin şərəfinə adlandırıldıqdan sonra münaqişə kəskin həddə çatıb. 25 ildən çox hakimiyyətdə olan Hüsni Mübarək rejimi ərəblərarası münasibətlərə müdaxiləyə son qoymayana və Fars Körfəzi ölkələri ilə ərazi mübahisəsini həll etməyənə kimi İran ilə dialoqa getməkdən imtina edir.
Lakin analitiklər Misir-İran münasibətlərinin tezliklə yaxşılaşacağına şübhə edirlər, çünki onlar əmindirlər ki, əl-Baradeyi seçkilərdə ciddi çətinliklərlə üzləşəcək.
"Əl-Baradeyinin seçkilərdə qələbə qazanmaq üçün çox az şansı var, çünki o, Misirin siyasi həyatında iştirak etməyib", - Trend-ə ərəb politoloq Əkrəm Huzam deyib. - "Tarixən Misirə Camal Abdül Nasirdən başlayaraq hərbi dairələrdən olan adamlar rəhbərlik edib".
Huzamın fikrincə, Misirdə keçiriləcək prezident seçkilərinin nəticəsi hər şeydən əvvəl ölkənin hərbi rəhbərliyinə kimin başçılıq edəcəyindən asılı olacaq.
İranlı analitik Qənizadə hesab edir ki, əl-Baradeyinin prezidentlik yolunda əsas maneələrdən biri Misir Konstitusiyasında namizədlər barəsində irəli sürülən şərtlər olacaq. Misir Konstitusiyasının 76, 77 və 86-cı maddələrinə əsasən, ölkəyə ən azı beş il siyasi partiyanın sədri olan namizəd rəhbərlik edə bilər. Əl-Baradeyi isə bildirir ki, Konstitusiyaya dəyişikliklər ediləndən sonra öz namizədliyini irəli sürəcək.
Analitiklər hesab edirlər ki, "Müsəlman qardaşları" tərəfindən BAEA-nin sabiq rəhbərinin inqilabi ideyalarına dəstək Camal Mübarəkə qarşı güclü müxalif baza yaradır. "Qardaşlar"ın əl-Baradeyi blokunda birləşməsi inqilabi hərəkata ölkədəki siyasi sistemə qarşı geniş müxalifət aksiyalarına başlamaq üçün imkanlar yaradır.
"Əl-Kifaya" və "Müsəlman qardaşları" partiyaları arasındakı fikir ayrılığına baxmayaraq, Misirdə yaxşı başa düşürlər ki, onların əl-Baradeyi ilə birləşməsi Mübarək üçün ciddi təhlükə yaradır", - Qənizadə belə hesab edir.
Sulmoninin fikrincə, Misirdə 2010-cu ildə keçiriləcək parlament seçkiləri öz təsirini ölkədə nümayiş etdirməkdə müxalifət üçün yaxşı sınaq olacaq. "Əl-Baradeyinin müstəqil namizədlik irəli sürməsinə imkanlar verəcək islahatların keçirilməsi üçün müxalifət cəbhəsi öz gücünü nümayiş etdirməlidir və ideologiya və baxışlardakı fərqlərə baxmayaraq, parlament səviyyəsində mühüm siyasi məsələlər ərafında birləşməlidir", - Sulmoni elektron poçt vasitəsilə Trend-ə bildirib.
"Parlament seçkiləri hakimiyyətin açıq siyasi prosesə nə dərəcədə hazır olduğunu göstərəcək və ölkədəki siyasi gərginliyin aradan qaldırılmasına imkan verəcək", - ekspet bildirib.
Sulmoninin fikrincə, öz namizədliyini irəli sürməklə bağlı əl-Baradeyinin qarşılaşdığı konstitusiya problemlərini nəzərə olsaq, onun gələcək İran-Misir əlaqələrinə təsirindən danışmaq tezdir.
Materialın yazılmasında R.Hafizoğlu, D.Xatınoğlu iştirak edib.