...

İran öz nüvə proqramı ilə digər müsəlman ölkələri üçün fədakarlıq edir - İranın MAQATE-dəki nümayəndəsi (MÜSAHİBƏ)

Siyasət Materials 15 Aprel 2010 09:00 (UTC +04:00)
Trend News-un Fars redaksiyasının İranın MAQATE-dəki nümayəndəsi Əli Əsğər Sultaniyyə (Ali Asghar Soltaniyyeh) ilə eksklüziv müsahibəsi
İran öz nüvə proqramı ilə digər müsəlman ölkələri üçün fədakarlıq edir - İranın MAQATE-dəki nümayəndəsi (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 14 aprel / Trend , D.Xatınoğlu/

Trend -un Fars redaksiyasının İranın MAQATE-dəki nümayəndəsi Əli Əsğər Sultaniyyə (Ali Asghar Soltaniyyeh) ilə eksklüziv müsahibəsi

- Aprelin 12-13-də ABŞ-da nüvə təhlükəsizliyi ilə bağlı konfrans keçirilib. Bu konfransın nəticəsini necə dəyərləndirirsiniz?

- İlk növbədə bildirməliyəm ki, ABŞ-da keçirilən nüvə təhlükəsizliyi konfransına ölkələr seçilib dəvət olmuşdu və digər tərəfdən, nüvə təhlükəsizliyi yeni mövzu və yeni təşəbbüs deyil. Neçə illərdir, bu məsələ MAQATE-də müzakirə olunur, İran və MAQATE-yə üzv digər ölkələr bu məsələni dəstəkləyirlər. Fikrimcə, ABŞ-da keçirilən nüvə təhlükəsizliyi konfransı siyasi bir şoudur və ABŞ-ın nüvə silahlarından ictimaiyyətin fikrini yayındırmaq məqsədi güdür. ABŞ yeni hərbi strategiyasını açıqladıqdan sonra bu konfransı keçirib. ABŞ öz nüvə silahlarını məhv etmək niyyətində deyil, bəlkə bu silahdan digər ölkələrə qarşı, o cümlədən, MAQATE-yə üzv İrana qarşı istifadə edəcəyi ilə hədələyir.

ABŞ  keçirdiyi bu konfransda çalışır ki, terroristlər və onların atom bombasına yol tapmaları mövzusunu araşdırsın. Bu məsələni çözmək bütün ölkələrin vəzifəsi və borcudur. Hamı terroristlərin atom bombasına yol tapmasının qarşını almağa borcludur.

-  ABŞ-da keçirilən "nüvə təhlükəsizliyi" konfransına İranın dəvət almamasını və İsrailin Baş nazirinin bu konfransda iştirak etməkdən imtina etməsini necə dəyərləndirirsiniz?

- Birincisi bildirməliyəm ki, ABŞ-ın özünün uran və plutoniumuna heç bir nəzarət yoxdur və bu maddələr ABŞ-dan İsrailə göndərilir. İranın bu konfransa dəvət almaması ilə bağlı, yenidən təkrar edirəm, bu konfransın qanuniliyi yoxdur, ona görə ki, dünyanın bir çox ölkələri bu konfransda iştirak etmirdilər. İsrailin bu konfransda iştirak etməkdən imtina etməsinə gəldikdə, deməliyəm ki, bu, İsrailin ikiüzlü oyunudur. İsrail əgər bu konfransda iştirak etsəydi, orada olan nüvə maddələri müzakirə olunacaqdı və bu, israillilərin xoşuna gəlməyəcəkdi. Digər tərəfdən, hazırda ABŞ İsraili dəstəkləyən bir nömrəli ölkədir və istəmir ki, bu konfransda İsrailin nüvə silahları məsələsi müzakirə predmetinə çevrilsin.

- ABŞ-da keçirilən konfrans MAQATE-nin nüvə silahının yayılmaması haqqında müqaviləyə (NSYM) (NPT) üzv ölkələrin müqaviləyə yenidən baxılması ilə bağlı keçiriləcək konfrans ərəfəsində baş tutub. Siz ABŞ-dakı konfransın NPT-yə yenidən baxılması ilə bağlı keçiriləcək konfransa təsiri haqda necə düşünürsünüz?

- Nüvə silahının yayılmaması haqqında müqaviləyə yenidən baxılması konfransı ərəfəsində İran və Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələr ABŞ-ı tənqid ediblər. NPT müqaviləsinə üzv ölkələrin bundanöncəki konfransı 2005-ci ildə keçirildi və müvəffəqiyyət qazanmadı. Ona görə ki, ABŞ ondan öncə 2000-ci ildə keçirilən konfransın tələblərinə (nüvə silahının yayılmaması barədə müqaviləyə dəyişikliklərlə bağlı) əməl etmək istəmirdi. 2000-ci ildə keçirilən konfransda nüvə silahlarının məhv edilməsi istənilmişdi və ABŞ buna baxmayaraq istəmirdi ki, bu məsələ 2005-ci ildəki konfransda yenidən müzakirə olunsun. Bu səbəbdən ki, məsələ ilə bağlı öz öhdəliklərinə əməl etməmişdi. Hazırda yenə də ABŞ atom silahı olmayan ölkələr və atom silahları olan digər ölkər tərəfindən bu məsələ ilə bağlı qınanmasından  narahatlıq keçirir.

- Lakin sizin dediklərinizə rəğmən, elə bu ay dünyanın 95 faiz atom silahlarına sahib olan ABŞ və Rusiya "START 2" müqaviləsini imzalayaraq, öz atom silahlarının sayını 1550-yə qədər azaltmağa razılaşdılar. Onların bu addımı beynəlxalq ictimaiyyət tərəfindən də müsbət dəyərləndirildi, bununla bağlı nə deyə bilərsiniz?

- Ötən həftə ABŞ-ın yeni strategiyasının mətnində qeyd olunan sözlər göstərir ki, ABŞ öz atom bombalarından əl çəkməyəcək və Rusiya ilə də razılaşmada öz nüvə bombalarının hamısının məhv olunmasını istəmir. ABŞ 1953-cü ildə Yaponiyanı bombaladıqdan bir neçə il sonra, BMT-nin iclasında "Sülhyönlü nüvə enerjisi" hamı üçün şüarını səsləndirdi. Obamanın siyasəti də elə bundan öncəkilər kimi ikili siyasətdir. Biz ümid edirdik, Nyu-Yorkda keçiriləcək NPT müqaviləsinə yenidənbaxılma konfransında nüvə təhlükəsi və nüvə bombalarının məhv olması ilə bağlı beynəlxalq səviyyədə vaxt qoyulacaq.

- İranda aprel ayının 17-18-də strateji kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq məqsədilə konfrans keçiriləcək. Fransa, Almaniya, ABŞ , Rusiya və Böyük Britaniya kimi ölkələr həmin konfransda iştirak etməyəcəklər. Bununla belə siz bu konfransın əhəmiyyətini necə dəyərləndirirsiniz? MAQATE rəhbərliyi bu konfransda iştirak edəcəkmi?

- Tehranda keçiriləcək konfrans, ilk növbədə, İranın xoşməramlılığının göstəricisidir və İranın kütləvi qırğın silahlarının məhvində ciddi şəkildə istəkli olmasna nümunədir. Bu konfrans diplomatik baxımdan bizim üçün çox əhəmiyyətlidir və lazım deyil ki, konfrans iştirakçıları hansısa bəyanat yaysınlar. Kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaqla bağlı məsələnin geniş şəkildə müzakirəyə çıxarılması və gündəlikdə olması bəs edir. İran bu konfransı keçirməklə qəti şəkildə elektrik enerjisi əldə etmək üçün öz nüvə proqramını davam etdirəcəyini və nüvə silahlarının məhv olmasını istədiyini bəyan edir. Konfrans iştirakçıları ilə bağlı biz bir çox ölkələrə dəvət göndərmişik və 60 ölkənin nümayəndəsi bu konfransda iştirak edəcək. MAQATE rəhbəri konfransa dəvət olunub, lakin ağır iş proqramına görə konfransda iştirak edə bilməyəcək. Onun əvəzinə bu konfransda MAQATE-nin nüvə silahlarının məhv olunması məsələləri üzrə yüksəkçinli rəsmilərdən biri iştirak edəcək. Eləcə də kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq məsələləri üzrə rəisin müavini Tehrandakı konfransda iştirak edəcək. Eləcə də biz Bİtərəf Dövlətlər Hərəkatının sədrini konfransda iştirak etmək üçün dəvət etmişik və o, bu konfransda iştirak etməyi qəbul edib. Konfransın keçirilməsi özü-özlüyündə bir müvəffəqiyyətdir və göstərir ki, İran və digər sülhsevər ölkələr NPT müqaviləsinə yenidən baxılmasına dair keçiriləcək konfrans ərəfəsində nüvə silahlarının bütövlükdə məhvini istəyirlər. Bu konfrans sülhsevər ölkələrin nüvə silahlarından narahat olduqlarına dair siyasi bir mesajdır.

- MAQATE rəhbəri Yukya Amano öz yeni məruzəsində "İranın atom bombasına əl aparmağa çalışması ehtimalı" haqda narahatlıq keçirdiyini bəyan etmişdi. Siz bu məsələni necə dəyərləndirirsiniz?

- Bizim cənab Amanonun məruzəsinə bir neçə iradımız olub. Bir məsələni də deməliyəm ki, ötən 7 il ərzində ilk dəfədir, Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin 100 nümayəndəsi Amanonun İranın nüvə proqramına dair məruzəsini tənqid edib. Onlar inanırdılar ki, Amanonun məruzəsi balanslı deyildi. MAQATE-nin yeni rəhbəri öz məruzəsində elə məsələlərə toxunmuşdu ki, onların işinə çoxdan xitam verilib və ötən ildə İranın cavablandırdığı bəzi maddələrə toxunmuşdu. Əlbəttə, cənab Amano mənimlə söhbətində həmin maddələrin məruzədə yer alması ilə bağlı deyib ki, məruzə onun ilk məruzəsi olduğu üçün ümumiləşdirilmiş formada yayımlanıb və o özü də qəbul edir ki, bəzi məsələlər məruzədə təkrar olunub. İran həmişə elan edib ki, öz nüvə proqramını dayandırmayacaq və Qərbin sıxışdırmaları da heç bir nəticə verməyəcək. Qərb nüvə texnologiyasını inhisarında saxlamaq istəyir və İran onların qarşısında müqavimət göstərməklə fədakarlıq edir. Bunu ona görə edir ki, Qərb eyni mənzərəni digər müsəlman ölkələrinə də tətbiq etməsin. Qərb MAQATE-ni inkişafda olan ölkələrdə yoxlamalar aparmaq üçün öz qərargahına çevirmək istəyir.

Xəbər lenti

Xəbər lenti