Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda narkomaniya və narkotika cinayətkarlığı ilə mübarizə sahəsində Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisi (NCMTO) yaradılıb.
BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SCAD) Regional Yardım Proqramının ofisindən çərşənbə axşamı Trend-ə bildirilib ki, narkomaniya ilə mübarizə sahəsində fəaliyyət göstərən mütəxəssis və ziyalıların iştirakı ilə yaradılan yeni qurum problemin həllində yaxından iştirak edəcək.
Azərbaycan cəmiyyətində narkotiklər, eləcə də narkotiklərlə bağlı cinayətkarlığın səviyyəsinin daim artdığı müşahidə olunduğundan, bu sahədə vətəndaş cəmiyyətinin formalaşdırılması, geniş ictimaiyyətin diqqətini problemə cəlb etməklə hökumətin aidiyyəti strukturları ilə birgə bu istiqamətdə təbliğatı həyata keçirmək zərurəti yaranıb.
Bu baxımdan NCMTO narkotiklərin qeyri-qanuni dövriyyəsinin yayılması və onunla bağlı cinayət hallarının çoxalması, sonradan digər sahələrdə xoşagəlməz fəsadların yayılmasının qarşısının alınmasında hökumətin apardığı siyasətə metodoloji baxımdan yaxından köməklik göstərəcək.
Ofisin məqsədlərindən biri QİÇS-lə mübarizə, insan alveri, terrorizm, "çirkli pullar"ın yuyulmasına qarşı mübarizədə cəmiyyətin maarifləndirilməsi, sağlam həyat tərzinin təbliğidir.
Proqrama rəhbərlik BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SCAD) Regional Yardım Proqramının rəhbəri Məzahir Əfəndiyevə tapşırılıb.