Türkmənistan, Aşqabad, 21 aprel /Trend, müxbir Q.Həsənov/
Bu gün Türkmənistanın paytaxtında "Bəşəriyyətin mənəvi xəzinəsi" adlı beynəlxalq folklor festivalı açılıb.
Festivalda 20-dən çox ölkədən, o cümlədən, Mərkəzi Asiya, Qafqaz regionu, həmçinin, Rusiya, Belarus, Ukrayna və digər ölkələrdən nümayəndələr iştirak edəcəklər.
Tədbirlər çərçivəsində dekorativ-tətbiqi sənət əsərlərinin sərgisi keçiriləcək. Türkmənistan mətbuatının məlumatına görə, sərgiyə xalçalar, qobelenlər, musiqi alətləri, keramika, ağac və dəmirdən hazırlanmış məmulatlar, zərgərlik əşyaları təqdim olunacaq.
"Azərbaycan, Almaniya, Çin, Koreya, Türkiyə, Tacikistan, İraq, Sinqapur, Portuqaliya, Monqolustan və digər ölkələrin nümayəndələrinin ən yaxşı işlərinə bütün arzu edənlər, paytaxt sakinləri və qonaqlar baxa biləcəklər", - "Neytral Türkmənistan" qəzeti yazır.
Türkmənistanın milli pavilyonunda 100-dən çox dekorativ-tətbiqi sənət ustalarının işləri nümayiş etdiriləcək. Onların arasında xalça, qobelen və naxış ustaları, milli geyimlərin dizaynerləri, zərgərlər, rəssamlar, heykəltəraşlar var.
Türkmənistanın bacarıqlı ustaları ustad dərsləri təşkil edəcəklər və öz işlərinn hazırlanması prosesini nümayiş etdirəcəklər.