...

Azərbaycanın iki müxalifət partiyası MSK üzvlüyünə namizədlərini təqdim edib

Siyasət Materials 19 May 2010 14:35 (UTC +04:00)
Azərbaycanın iki müxalifət partiyası Mərkəzi Seçki Komissiyasında boş qalan iki yerə öz namizədlərini müəyyənləşdiriblər.
Azərbaycanın iki müxalifət partiyası MSK üzvlüyünə namizədlərini təqdim edib

Azərbaycan, Bakı, 19 may / Trend , A.Hüseynbala/

Azərbaycanın iki müxalifət partiyası Mərkəzi Seçki Komissiyasında boş qalan iki yerə öz namizədlərini müəyyənləşdiriblər.

"Bizim partiya MSK üzvlüyünə Ali Məclisin sədri Mikayıl Rəhimiovun namizədliyini Milli Məclisin Aparatına təqdim edib", - çərşənbə günü Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.

Mirzəbəylinin sözlərinə görə, namizədlərin MSK üzvlüyünə təyin olunmaları ilə bağlı parlamentdə müzakirələrin nə vaxt keçiriləcəyi bəlli deyil.

Qüdrət Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə partiyadan ayrılaraq, özlərinin "birləşdirici" qurultayını keçiriblər və 2004-cü ilə qədər AXCP-nin "birləşdirici" qanadı kimi tanınıblar. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. 2005-ci ildə dövlət qeydiyyatına alınan BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir. Həsənquliyev Milli Məclisin deputatıdır.

"Bizim MSK-da təmsil olunmaq üçün təqdim etdiyimiz namizəd İbrahim Məmmədovdur", - çərşənbə günü Trend-ə Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bildirib.

Onun fikrincə, parlament seçkilərinə rəsmi start verilənə qədər, MSK-dakı iki boş yerə irəli sürülən namizədlərin təyin olunması vacibdir.

Müxalifətyönlü Böyük Quruluş Partiyası 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Fazil Mustafa (Fazil Qəzənfəroğlu) Milli Məclisin deputatıdır. Partiya sədri 2008-ci ildə keçirilən prezident seçkisində namizəd olub və 2,4 faiz səs toplayıb.

2005-ci il Parlament seçkilərindən sonra, Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasındakı iki yerə namizəd təqdim etməkdən imtina edib. Bu səbəbdən MSK-dakı iki yer boş qalıb və parlamentdə təmsil olunan BAXCP və BQP-nin sədrləri bir müddət əvvəl Milli Məclisin iclasında həmin boş yerlərə onların rəhbərlik etdikləri partiyaların nümayəndələrinin təyin olunmaları haqda məsələ qaldırıblar.

Xəbər lenti

Xəbər lenti