...

Azərbaycan Parlamentinin deputatı Pekində xarici ölkələrin birinci xanımları və qadın nazirləri ilə görüşüb (FOTO)

Siyasət Materials 22 May 2010 13:38 (UTC +04:00)
Görüşlər zamanı millət vəkili onlara Azərbaycanla bağlı geniş məlumatlar verib
Azərbaycan Parlamentinin deputatı Pekində xarici ölkələrin birinci xanımları və qadın nazirləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı 22 may /Trend, müxbir A.Hüseynbala/

Pekində Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili Qənirə Paşayeva sammit çərçivəsində Tanzaniyanın birinci xanımı Salma Kikvete, Vyetnamın vitse-prezidenti Nguyen Thi Doan, Lixtenşteynin xarici işlər, mədəniyyət və ədliyyə naziri Aurelia Friçk, Yamaykanın xarici işlər və xarici ticarət üzrə dövlət naziri Marlene Malahoo Torte, Qazaxıstanın əmək və sosial müdafiə naziri Gülsara Abdukalikova, Albaniyanın əmək, sosial məsələlər və bərabər hüquqlar naziri Fibloreta Kadro, Omanın ali təhsil naziri Raşua Al Busaidi, Malavinin gender, uşaq və ictimai inkişaf naziri Patrisia Annie Kaliati, Sloveniyanın təhsil və idman üzrə dövlət katibi Alenka Kovsça, Bolqarıstanın regional inkişaf və ictimai işlər nazirinin müavini Lilyana Pavlova, Səudiyyə Ərəbistanının qadınların təhsili üzrə nazir müavini Norah Al Faiz ilə görüşüb.

Görüşlər zamanı millət vəkili onlara Azərbaycanla bağlı geniş məlumatlar verib. Millət vəkili Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, 20 faiz torpaqlarını işğal etməsi; bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır öz yurd-yuvasına dönə bilməməsi; Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları - Xocalı soyqırımı; əsir və girov götürülmüş azərbaycanlılar, o cümlədən, qadınlar barədə məlumat verib və bu mövzuda onları maraqlandıran sualları cavablandırıb. Millət vəkili vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası, İslam Konfransı Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının qətnamələrinə məhəl qoymayaraq, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmir və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın da daxil olmaqla, bir milyon insanın öz evinə qayıtmasına imkan vermir. Beynəlxalq ictimaiyyətin bununla bağlı Ermənistana təzyiqlərinin artmasının vacibliyini vurğulayan millət vəkili, ölkələrində və beynəlxalq aləmdə nüfuzlu olan bu xanımlardan öz ev-eşiyinə dönə bilməyən, Ermənistan tərəfindən haqları tapdalanan azərbaycanlı qaçqın və məcburi köçkün qadınlara qarşı olan bu ədalətsizliyə qarşı hər platformada öz sərt etirazlarını göstərmələrini xahiş edib. "İnsanlar öz evlərinə dönmək həsrəti ilə dünyadan köçürlər və bir qadın üçün bundan böyük faciə ola bilməz", - deyən millət vəkili bildirib ki, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların ən böyük arzusu öz evlərinə dönməkdir və onlar dünya qadınlarından öz yurd-yuvalarına dönmələri istiqamətində dəstək və səylərini gücləndirmələrini gözləyirlər.

Millət vəkili Ermənistanın əsir və girovluğunda olan qadınlar və onlara qarşı törədilən insanlıqdan kənar cinayətlər, erməni terror təşkilatlarının azərbaycanlılara qarşı törətdiyi terror aktları barədə də məlumatlar verib və onlara Heydər Əliyev Fondunun hazırladığı Qarabağ həqiqətlərinə dair kitablar və materiallar təqdim edilib. Eyni zamanda, millət vəkili Azərbaycanda qadınların cəmiyyətin və dövlətin idarə olunmasındakı rolu, qadın və uşaq problemlərinin həlli istiqamətində dövlətin yürütdüyü siyasət və gördüyü işlər, Azərbaycanın iqtisadi vəziyyəti, mədəniyyəti, və s. ilə bağlı qadın liderləri maraqlandıran mövzular ətrafında da fikir mübadiləsi aparıblar. Görüş zamanı qadın liderlər bu cür görüşlərin və müzakirələr zamanı əldə olunan məlumatların onlar üçün vacib və əhəmiyyətli olduqlarını bildiriblər. Onlar da öz növbəsində, ölkələrində bir sıra məsələlərlə bağlı bölüşüblər və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti