Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir M.Əliyev/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Avropa Parlamentinin Xarici Əlaqələr komitəsinin sədr müavini Fiorello Proveranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Görüş zamanı Azərbaycanın müasir, dünyəvi və sürətlə inkişaf edən ölkə olduğunu qeyd edən qonaq, bu inkişafın potensialının respublika üçün geniş perspektivlər yaratdığını və Avropa ölkələri ilə əlaqələrin gücləndirilməsi üçün əlavə imkanlar verdiyini qeyd edib.
Nazir Məmmədyarov Proveranın Azərbaycana növbəti dəfə səfər etdiyindən məmnun olduğunu bildirərək, cari ilin 20 may tarixində Avropa Parlamentinin qəbul etdiyi "Avropa Birliyinin Cənubi Qafqazda strategiyasına tələb" adlı qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verildiyini yüksək qiymətləndirib, bu qətnamə ilə Avropanın Ermənistana Cənubi Qafqazda öncədən müəyyənlik və stabillik görmək istəyi barədə açıq mesaj verdiyini deyib. Nazir Məmmədyarov beynəlxalq aləmin Ermənistanın işğalçı siyasətinə son qoymağa və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasının mümkünsüzlüyünə dair çağırışlarının gücləndirməsi vacibliyini qonağın nəzərinə çatdırıb.
Cavab olaraq Provera XXI əsrdə güc tətbiq etmə yolu ilə suveren dövlətlərin sərhədlərinin dəyişdirilməsi cəhdlərini yolverilməz bir hal kimi qiymətləndirib.
Görüş zamanı tərəflər enerji, ticarət və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.