...

Azərbaycanda keçiriləcək parlament seçkisi ilə bağlı Ombudsman Aparatının əməkdaşları üçün treninq keçirilib

Siyasət Materials 7 İyul 2010 16:40 (UTC +04:00)
Azərbaycan ombudsmanın təşəbbüsü və Mərkəzi Seçki Komissiyası ilə əldə edilmiş razılığa əsasən parlament seçkisi ilə əlaqədar Ombudsman Aparatının əməkdaşları üçün təsisatda treninq təşkil olunub.
Azərbaycanda keçiriləcək parlament seçkisi ilə bağlı Ombudsman Aparatının əməkdaşları üçün treninq keçirilib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan ombudsmanın təşəbbüsü və Mərkəzi Seçki Komissiyası (MSK) ilə əldə edilmiş razılığa əsasən parlament seçkisi ilə əlaqədar Ombudsman Aparatının əməkdaşları üçün təsisatda treninq təşkil olunub. Bu barədə çərşənbə günü Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb.

Bu tədbir müvəkkilin nümayəndələrinin seçki hüququ üzrə maarifləndirilməsi, habelə seçki dairələrində monitorinqlərin aparılmasında müşahidəçi kimi iştirakının təmin edilməsi məqsədini daşıyıb.

Ombudsman Elmira Süleymanova mühüm əhəmiyyət kəsb edən bu seçkilərin demokratik, ədalətli və şəffaf keçirilməsinin, bununla bağlı bütün səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib.

Müvəkkil vətəndaşların seçki hüquqları ilə bağlı yerlərdə geniş maarifləndirmə işi aparacağını, artıq bu işə başlandığını diqqətə çatdırıb. O, regionlarda polislə bu sahədə aparılmış davamlı hüquqi maarifləndirmə işinin səmərəli olduğunu, daxili işlər orqanları əməkdaşlarına seçki prosesinə müdaxilənin yolverilməzliyinin izah edildiyini və müsbət nəticələr verdiyini vurğulayıb.

Ombudsmanın MSK ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğu qeyd olunub, seçki hüququ ilə bağlı birgə seminarların keçirildiyi vurğulanıb.

Azərbaycanda parlament seçkisinin noyabrın birinci həftəsində keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti