...

ABŞ İrandan saxlanılan vətəndaşları ilə bağlı adekvat münasibət gözləyir – dövlət katibinin köməkçisi

Siyasət Materials 16 İyul 2010 17:24 (UTC +04:00)
Şəhram Əmirinin İrana qayıtmasından sonra Birləşmiş Ştatlar İslam Respublikasına gedən ABŞ vətəndaşlarına da qarşı belə münasibət gözləyir. Bu barədə ABŞ dövlət katibinin köməkçisi Filip Krouli mətbuat konfransında bildirib.
ABŞ İrandan saxlanılan vətəndaşları ilə bağlı adekvat münasibət gözləyir – dövlət katibinin köməkçisi

Аzərbaycan, Bakı, 16 iyul /Trend, müxbir T.Konyayeva/

Şəhram Əmirinin İrana qayıtmasından sonra Birləşmiş Ştatlar İslam Respublikasına gedən ABŞ vətəndaşlarına da qarşı belə münasibət gözləyir. Bu barədə ABŞ dövlət katibinin köməkçisi Filip Krouli mətbuat konfransında bildirib. Məlumatı ABŞ Dövlət Departamentinin saytı yayıb.

"Biz bura gəlməyi qərara alan və daha sonra evə qayıdan İran vətəndaşının timsalında onun bunu maneəsiz edə bildiyini nümayiş etdirdik, - Krouli deyib. - Biz də regiona səfər edən vətəndaşlarımız haqqında söhbət düşəndə belə bir münsibət gözləyirik".

İranlı alim Şəhram Əmiri ABŞ və Səudiyyə Ərəbistanı casusları tərəfindən oğurlanmasından 14 ay sonra iyulun 15-də ABŞ-dan İrana qayıdıb.

İranın nüvə fiziki Əmiri 2009-cu ilin iyununda Səudiyyə Ərəbistanına Həcc ziyarətinə getdikdən üç gün sonra itib. İran ABŞ-ın kəşfiyyat xidmətini Əmirinin oğurlanmasında günahlandıraraq, Amerika hökumətindən, iranlıların fikrincə, ər-Riyaddan Vaşinqtona aparılan alimin öz ölkəsinə qaytarılmasını tələb edib.

Kroulinin sözlərinə görə, İrandan ABŞ-a getmək və sonra yenidən İrana qayıtmaq Əmirinin qərarıdır.

"Mən bilmirəm, o nə üçün İranı tərk edib və qayıtmağı qərara alıb, - Krouli bildirib. - Düşünmürəm ki, burada hansısa konkret təbliğat mənası var. Bu, hansısa daxili ziddiyyətdir. Biz adamlara bura gəlməyə və geri qayıtmağa icazə veririk".

İyunun əvvəllərində İran televiziyasında nümayiş etdiirlən videoçarxda Əmiri ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən oğurlanması faktını təsdiqləyib və yerləşdiyi yer kimi Arizona ştatının Tuson şəhərini göstərib.

Daha sonra Qərb KİV-də meydana çıxan başqa bir versiyaya görə, iranlı alim özü İrana qayıtmamağa və ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlığa başlamağa qərar verib.

Krouli əlavə edib ki, ABŞ Əmirinin ölkəyə gəlməsini dəstəkləyib, eləcə də onun evə qayıtmasına icazə verib.

"Əmiri öz iradəsi ilə bura gəlib və İrana da könüllü qayıdıb", - o bildirib.

Kroulinin sözlərinə əsasən, ABŞ hesab edir ki, məhz buna görə İran ərazisində saxlanılan üç amerikali turisti azad etməlidir.

"Əvvəl olduğu kimi, biz təsdiqləyirik ki, bu üç nəfər nişanlanmamış sərhədə yaxınlaşan səyahətçilərdir, - o bildirib. - Onlar həbsdədirlər və onlara qarşı ittiham irəli sürülməyib. Və biz qəti şəkildə inanırıq ki, onlar humanist mülahizələrə görə azad edilməlidirlər".

Şeyna Bauer, Sara Şurd və Coşua Fettel adlı üç amerikalı ötən il iyulun sonlarında Qərbi Kürdüstan əyalətinin sərhədyanı Marivan rafonunda saxlanılıblar. Onların İraqa və Suriyaya vizaları olub, lakin İrana gəlmək üçün icazələri olmayıb. ABŞ tərəfinin versiyasına görə, onlar İraqa səyahət ediblər və səhvən İran ərazisinə daxil olublar. Lakin İranın xüsusi xidmət orqanları bunun qətiyyən təsadüf olmadığını hesab edirlər.

Kroulinin sözlərinə görə, ABŞ mübadilə haqqında məsələni müzakirə etmir. Çünki Əmiri və üç Amerika vətəndaşı ilə bağlı hadisənin bir-biri ilə əlaqəsi yoxdur.

"Mən təkrar edirəm ki, üç ABŞ vətəndaşının tanınma işarələri olmayan sərhədi keçməkdən başqa heç bir günahı yoxdur, - o bildirib. - Tezliklə onların həbs olunmalarının bir ili tamam olur və ABŞ onların azad olunmasını və vətənə qayıtmalarını arzulayır".

Krouli əlavə edib ki, kəsişən sərhədi keçən şəxs dərhal gəldiyi ölkəyə qaytarılmalıdır.

O həmçinin ABŞ-ın Robert Levinsonla bağlı narahatlığını da ifadə edib.

"ABŞ İranla onun yerləşdiyi yeri və fiziki vəziyyətini müəyyən etmək üçün əməkdaşlığa nail olub, lakin qarşı tərəfdən bu istiqamətdə addım atılmayıb", - Krouli qeyd edib.

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş əməkdaşı 59 yaşlı Robert Levinson 2007-ci ilin martında siqaret qaçaqmalçılğı ilə bağlı məsələnin araşdırılması üçün İranın Kiş adasına səfəri zamanı itib.

İran hökuməti bu işlə bağlı məlumata malik olmadığını bəyan etsə də, ABŞ Dövlət Departamentinin nümayəndələri İran tərəfinin bəyanatına şübhə ilə yanaşırlar.

2007-ci ilin sentyabrında İran ABŞ-ın Levinsonun yükünə baxmaq üçün isveçrəli diplomatların Kiş adasına səfəri ilə bağlı sorğusunu rədd edib.

Krouli ABŞ-ın Əmiri ilə əlaqələrindən və ona Amerika tərəfindən təklif olunan beş milyon dollarla bağlı məsələləri şərh etməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti