...

İnzibati xəta törətmiş sürücülər cərimələnərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır - BDYPİ

Siyasət Materials 30 İyul 2010 15:50 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlqələr şöbəsinin rəisi Kamran Əliyev cümə günü Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində inzibati tənbeh tətbiqetmənin ümumi qaydaları əksini tapıb.
İnzibati xəta törətmiş sürücülər cərimələnərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır - BDYPİ

Azərbaycan, Bakı, 30 /Trend, müxbir K.Zərbalıyeva/

İnzibati xəta törətmiş sürücülərə qarşı cərimələrin minimum və maksimum həddi müəyyən edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlqələr şöbəsinin rəisi Kamran Əliyev cümə günü Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində inzibati tənbeh tətbiqetmənin ümumi qaydaları əksini tapıb.

BDYPİ rəsmisi qeyd edib ki, inzibati xəta törətmiş sürücüyə cərimə müəyyən edilərkən yuxarıda qeyd olunan hallar mütləq nəzərə alınmalıdır.

"Əmlak vəziyyəti dedikdə, məsələn, sürücünün idarə etdiyi avtomobil bahalıdırsa, ona maksimum, ucuzdursa, minimum məbləğdə cərimə müəyyən edilir. Şəxs təqsirini boynuna alır, peşmandırsa, ona minimum həddə, əksinə olarsa, maksimum həddə cərimə müəyyən edilməlidir. Həmçinin inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, cəmiyyətdəki nüfuzu da nəzərə alınmalıdır", - Əliyev deyib.

Əliyev deyir ki, inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir.

Səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı il ərzində təkrar törətməsi, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi isə məsuliyyəti ağırlaşdıran haldır.

BDYPİ-nin şöbə rəisi bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 151-ci maddəsində qeyd olunan pozuntulara görə nəzərdə tutulan 15-20 manat məbləğində cərimələr yerində ödənilməlidir.

Əgər sürücünün bu məbləği ödəməyə imkanı yoxdursa, inzibati xəta ilə bağlı protokol yazılır.

"İnzibati xəta törətmiş sürücü cəriməni ya xətanın törədildiyi yerdə, ya da sürücünün vəsatəti ilə yaşadığı ünvan üzrə ödəməlidir", - Əliyev deyib.

Şöbə rəisinin sözlərinə görə, ödənilməli olan cərimənin məbləği səlahiyyətli şəxs tərəfindən yazılmış protokolda qeyd olunur.

"Qərada nə qədər məbləğin ödənilməsi ilə bağlı qeyd olur. Cəriməni ödəyən sürücüyə ödədiyi məbləğlə bağlı qəbz verilir. Bəzən sürücülər vaxt itkisi olmasın deyə, qərarı almadan inzibati xəta ilə bağlı maddənin sanksiyasında nəzərdə tutulmuş cərimənin maksimum həddini ödəyir və bu barədə yol polisinə qəbz təqdim edirlər. Halbuki qərarda həmin inzibati xətaya görə ödənilən məbləğdən daha az məbləğ göstərilir. Bu qəbz qəbul olunmur. Xətaya görə vəzifəli şəxsin qərarında hansı məbləğ göstərilibsə, o məbləğ də ödənilməlidir", - Əlyev vurğulayıb.

Əliyev bildirib ki, protokolda qeyd olunan məbləğ inzibati xəta törətmiş şəxs tərəfindən hesaba ödənildikdən sonra ödəmə haqqında qəbz yol polisinə təqdim olunur və şəxsin sənədləri geri qaytarılır.

Şöbə rəisi deyir ki, inspektor cərimənin minimum və maksimum həddinin müəyyən edilməsi ilə bağlı sürücünü məlumatlandırmağa borclu deyil.

Onun sözlərinə görə, sürücülər maksimum həddə cərimənin nədən müəyyənləşdirildiyi barədə yol polisi əməkdaşından izahat tələb edə bilərlər.

BDYPİ rəsmisi cərimələrin ödənilməsi prosedurunun sadələşdirilməsi ilə bağlı sürücülərin təklifləri ilə razılaşmır.

Bu təklifi qəbul etməyən Əliyevin sözlərinə görə, xəta törətmiş sürücünün əlavə vaxt itkisi və çəkdiyi əziyyət onu belə xətalar törətməkdən çəkindirir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Xətai rayon yol polisi şöbəsinin inspektoru Vaqif Əsədov deyir ki, əgər sürücünün yol verdiyi xəta qəza şəraiti yaradırsa, əksər hallarda cərimənin maksimum həddi müəyyən olunur.

Onun fikrincə, sürücülərə cərimənin maksimum həddi tətbiq edilməzsə, bu xətalar təkrar törədiləcək.

Əsədovun sözlərinə görə, cərimə tətbiq olunarkən elektron məlumat bazasında hər bir sürücünün yol verdiyi xətalar barədə məlumatlar nəzərə alınır.

"Ola bilsin ki, sürücü yol verdiyi inzibati xətanı dəfələrlə törədib. Onda həmin sürücüyə cərimənin minimum həddi təyin edilə bilməz", - Əsədov vurğulayıb.

Ekspert Mahmud Hacıyev isə deyir ki, yol polisi əməkdaşları cərimə təyin edərkən əksər hallarda məsuliyyəti yüngülləşdirən halları nəzərə almır.

Onun sözlərinə görə, bəzi yol polisi əməkdaşlarının özləri belə, məsuliyyəti yüngülləşdirən hallardan xəbərsizdir.

Ekspert deyir ki, çox halda sürücülər də hüquq və vəzifələrindən xəbərsiz olur və onların məlumatsızlığı haqqlarını tələb etmələrinə əngəl yaradır.

Xəbər lenti

Xəbər lenti