...

Rusiya özünün Qafqaz siyasətini dəyişdirməlidir - azərbaycanlı politoloq

Siyasət Materials 3 Sentyabr 2010 13:54 (UTC +04:00)
Rusiya özünün Qafqaz siyasətini dəyişdirməlidir.
Rusiya özünün Qafqaz siyasətini dəyişdirməlidir - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir T.Hacıyev/

Rusiya özünün Qafqaz siyasətini dəyişdirməlidir. Bu fikirləri cümə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) konfrans zalında keçirdiyi mətbuat konfransı zamanı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Rusiyanın gələcək inkişafı Qafqazdan asılıdır. Eyni zamanda Rusiya bu gün Qafqazda ən böyük dövlətdir. Ona görə də Rusiya Qafqazda vahid oyun qaydaları müəyyənləşdirməlidir. Bu, Qafqaza daxil olan dövlətlərə də, Qafqazda marağı olan digər dövlətlərə də aid olmalıdır. Bu qaydalar Cənubi və Şimali Qafqaz üçün eyni olmalıdır", - Əhmədoğlu əlavə edib.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Əhmədoğlu Rusiyanın Ermənistanda yerləşdirdiyi hərbi bazanın müddətinin uzadılması məsələsindən də danışıb. Onun sözlərinə görə, bazanın vaxtının uzadılması Ermənistan tərəfindən edilmiş ən böyük blefdir.

"Rusiya ilə Ermənistan arasında gedən danışıqların mahiyyətini ciddi izləyəndə tamam fərqli mənzərə görünür. Ermənistan sevərəkdən Rusiya bazasını öz ərazisinə gətirməyib. Ermənistan ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsi Azərbaycan və Gürcüstan üçün təhdiddir. Ermənistan hələ uzun müddət çalışacaq ki, o bazadan antiazərbaycan faktoru kimi istifadə etsin", - politoloq vurğulayıb.

RF və Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar. Dəyişiklik Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. RİA Novosti agentliyinin məlumatına görə, protokolları hər iki ölkənin müdafiə nazirləri imzalayıblar. Sənədlərin imzalanması iki ölkə prezidentləri - Dmitri MedvedevSerj Sarkisyan arasında danışıqların yekununda baş tutub. 1995-ci il müqaviləsinin müddəti 25 il təşkil edirdi, indi isə o, 49 il müddətinə qüvvədə olacaq (1995-ci ildən başlayaraq).

Əhmədoğlu qeyd edib ki, bu baza Rusiyanın özünə qarşı da işləyən bir faktordur. "Rusiyanın Ermənistandakı bazasının qalma haqqını və bütün digər xərclərini Ermənistan ödəyir. Bu ödənişləri kəsməklə Ermənistan Rusiyanı çətin vəziyyətə sala bilər. Ermənistan ABŞ ilə razılaşıb dövlət büdcəsində Rusiya hərbi bazasına ayırdığı vəsaiti dayandıra bilər", - o bildirib.

Xəbər lenti

Xəbər lenti