...

Azərbaycan ilə Rusiya arasında münasibətlərin gələcəyi çox yaxşı olacaqdır - Prezident Dmitri Medvedev

Siyasət Materials 4 Sentyabr 2010 01:10 (UTC +04:00)
Azərbaycan ilə Rusiya arasında münasibətlərin gələcəyi çox yaxşı olacaqdır. Bunu sentyabrın 3-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Dmitri Medvedev bəyanatında bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan ilə Rusiya arasında münasibətlərin gələcəyi çox yaxşı olacaqdır - Prezident Dmitri Medvedev

Azərbaycan ilə Rusiya arasında münasibətlərin gələcəyi çox yaxşı olacaqdır. Bunu sentyabrın 3-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Dmitri Medvedev bəyanatında bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu gün müstəqil dövlətlər olan Rusiya ilə Azərbaycanın münasibətləri tarixində həqiqətən çox əlamətdar gündür. Bu gün biz ölkələrimiz arasında mövcud olan mürəkkəb məsələlərdən sonuncusunu qapadıq. Azərbaycan üçün bu, sərhədin müəyyən edilməsi barədə ilk saziş, ilk müqavilədir. Ona görə də bu, gələcək münasibətlərimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti indicə bu münasibətləri iki strateji tərəfdaşın səmimi dostluq münasibətləri kimi səciyyələndirdi. Təbii ki, mən bu fikrə tamamilə şərikəm. Münasibətlərimizin mahiyyətini kooperasiyamızın praktiki olaraq bütün sahələrində izləmək mümkündür. İndi mən həm iqtisadi əlaqələr barədə, həm təhlükəsizlik mövzularına dair əməkdaşlıq, regional, humanitar əlaqələr barədə danışa bilərdim. Lakin mən bu münasibətlərin xüsusi xarakterini hər şeydən yaxşı səciyyələndirən cəmi bir misal gətirəcəyəm.
Bildiyiniz kimi, bu il Rusiya Federasiyasına fəlakət üz vermişdir. Çoxlu yaşayış məntəqəsi yanmış, insanlar zərər çəkmiş, həlak olmuş, çoxlu evi alov bürümüşdü. Bu məqamda azərbaycanlı həmkarlarımız da bizə dost əlini uzatmış, bizim bir sıra yaşayış məntəqələrində yanğınların söndürülməsində iştirak etmişlər. Bu, həqiqətən çox vacibdir. Xüsusən ona görə ki, bu cür fəlakətlər adətən, gözlənilmədən baş verir və çox vaxt sürəkli xarakter daşıyır. Hətta indi, payızda da yanğınlar tüğyan edir. Dünən bizim iki vilayət yanğından zərər çəkmişdir, yaşayış məntəqələrinə, insanlara ziyan dəymişdir. Əlbəttə, biz bunların hamısını hökmən bərpa edəcəyik. Lakin bir məqam xüsusilə vacibdir ki, bu cür çətin şəraitdə, - hətta inkişaf etmiş iqtisadi potensiala malik olan Rusiya kimi böyük ölkə də çətin vəziyyətə düşə bilər, - yaxın dostlar kömək əlini uzadır. İlham Heydər oğlu, görülmüş işlərə görə bir daha çox sağ olun", - Dmitri Medvedev deyib.

Prezident Dmitri Medvedevin sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında münasibətlərin gələcəyi çox yaxşı olacaqdır.

"O ki qaldı gələcəyə, düşünürəm ki, gələcəyimiz çox yaxşı olacaqdır. Bizim çox perspektivli layihələrimiz vardır. Bu gün sərhədyanı Samur çayının su ehtiyatlarından birgə istifadə edilməsi barədə də müqavilə imzalanmışdır. Bu ehtiyatlar bizim müştərək sərvətimizdir və biz sadəcə olaraq, onlardan daha yaxşı istifadə etməyin yolları barədə fikirləşməliyik.
Energetika sahəsində əməkdaşlıq, əlbəttə, ən mühüm istiqamətdir. Lakin bu, yeganə istiqamət deyildir. Biz razılığa gəldik ki, bu məsələyə bəlkə də ayrıca bir görüş, dövlət başçılarının ayrıca bir zirvə toplantısını həsr etmək, bütün istiqamətlərdə vəziyyəti ölçüb-biçmək lazımdır. Xüsusən ona görə ki, artıq əlaqələr vardır. Bu əlaqələr, o cümlədən qaz sferasında əməkdaşlıq sahəsində kifayət qədər fəal inkişaf etməyə başlamışdır. Neft, ticarət, elektrik energetikası sahələrində əməkdaşlıq da elə istiqamətlərdir ki, biz onlara həqiqətən daha artıq diqqət yetiririk.
Regional məsələlər həmişə gündəlikdədir. Biz bu barədə çox danışmışıq. Təbii ki, təhlükəsizliyin təmin edilməsi məsələləri barədə danışmışıq. Lakin ümid edirəm ki, mətbuat konfransının gedişində bu cür suallar veriləcəkdir. Çünki zənnimcə, bu, maraqlıdır. İndi təfərrüata varmayacağam.
Biz son zamanlar daha bir ümumi məkanda əldə edilmiş müsbət nə varsa hamısını qoruyub saxlamağın zəruri olmasından danışdıq. Bu, Xəzər məkanıdır. Ümid edirəm ki, irəlidə bu əməkdaşlığı dərinləşdirmək üçün imkanımız olacaqdır", deyə Rusiya Prezidenti bildirib.
 
Dmitri Medvedev Azərbaycan-Rusiya münasibətlərinin humanitar sahəsinin vacibliyini vurğulayıb.

"Humanitar sahə çox vacibdir. İndicə ikonaların verilməsi kimi rəmzi bir akt baş tutdu. Həmin ikonalar Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmişdir. Çox yaxşı haldır ki, bizim hüquq mühafizə idarələri arasında bu cür əməkdaşlıq inkişaf edir. Onu demək istərdim ki, Rusiyaya məxsus təbərrüklərin verilməsinə görə Azərbaycan tərəfinə bir daha təşəkkürümüzü bildiririk. Bu, dost jestidir və təbii ki, biz onu müvafiq şəkildə qiymətləndiririk.
Təhsil sahəsində mütəxəssislər, mədəniyyət xadimləri arasında ünsiyyəti davam etdirmək lazımdır. Məhz bu səbəbdən bu gün Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsü - Azərbaycanda keçirilən foruma beynəlxalq xarakter vermək təşəbbüsünü mən tamamilə bəyənirəm. Mənə belə gəlir ki, bura həm ikitərəfli humanitar məsələlərin, həmçinin siyasi əlaqələrin inkişafı məsələlərinin müzakirəsi üçün, həm də beynəlxalq miqyasda yaxşı məkandır. Xüsusən ona görə ki, bu işdə marağı olan tərəflər vardır - bizim qonşularımız da bu forumda iştirak etməyə hazırdırlar. Mənə belə gəlir ki, bu, maraqlı olacaqdır. Hər halda, əgər azərbaycanlı dostlarımız çağırsalar, biz həmin forumda məmnuniyyətlə iştirak edəcəyik.
Beləliklə, bu, həqiqətən əlamətdar səfərdir. Həm formal baxımdan əlamətdardır, çünki ölkələrimiz arasında qarşıdakı onilliklər üçün əməkdaşlığın təməlini yaradan çox mühüm sənəd imzalanmışdır. Həm də qeyri-formal mənada, şəxsi ünsiyyət baxımından əlamətdardır, çünki bu cür ünsiyyət olmadan mehriban münasibətləri inkişaf etdirmək mümkün deyildir. Biz çox görüşürük, çox ünsiyyət saxlayırıq. Bizim çox mehriban yoldaşlıq münasibətlərimiz vardır və ümid edirəm ki, bundan sonra da belə olacaqdır", - Prezident Dmitri Medvedev söyləyib.

Xəbər lenti

Xəbər lenti