...

Azərbaycan yoxsulluq və xəstəliklərlə mübarizədə bir çox uğurlar qazanıb – XİN başçısı (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 21 Sentyabr 2010 15:10 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda minilliyin inkişaf məqsədlərinə həsr olunmuş BMT-nin sammitində çıxışı zamanı beynəlxalq ictimaiyyətə ölkəsinin yoxsulluq və xəstəliklərlə mübarizədə bir çox uğurlar qazanmasından danışıb.
Azərbaycan yoxsulluq və xəstəliklərlə mübarizədə bir çox uğurlar qazanıb – XİN başçısı (ƏLAVƏ OLUNUB-2)

RED. əlavəsi: XİN rəhbərinin yeni sözləri əlavə olunub

ABŞ, Nyu-York, 21 sentyabr /Trend, xüsusi müxbir A.Privalov/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda minilliyin inkişaf məqsədlərinə həsr olunmuş BMT-nin sammitində çıxışı zamanı beynəlxalq ictimaiyyətə ölkəsinin yoxsulluq və xəstəliklərlə mübarizədə bir çox uğurlar qazanmasından danışıb.

Nazir qeyd edib ki, Azərbaycan ərazilərinin, təxminən, 20 faizinin qonşu Ermənistan tərəfindən işğalının davam etməsinə və bir milyona yaxın qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, hökumət 2015-ci ilədək minilliyin inkişaf məqsədlərinin yerinə yetirilməsi ilə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.

Nazirin sözlərinə görə, Azərbaycanda son beş il ərzində bütün dünyada ən sürətli və misli görünməmiş iqtisadi artım templəri müşahidə olunur.

"İqtisadiyyatın neft sektorundan əldə olunan gəlirlər 2015-ci ilədək məqsədlərə nail olmaq üçün zəruri layihələrə sponsorluq etməyə imkan verir. Hökumətin əsas vəzifəsi resurslardan bugünkü və gələcək nəsillərin xeyrinə effektiv və şəffaf istifadədir", - Məmmədyarov deyib.

Onun sözlərinə görə, hökumət neft sektorundan əldə olunan gəlirləri qeyri-neft sektorunun inkişafı üçün istifadə edir, eləcə də iqtisadi artımdan əldə olunan gəlirlərin bütün region və əhali arasında daha ədalətli bölüşdürülməsini təmin edir.

Nazirin sözlərinə görə, dövlət siyasəti sosial və iqtisadi rifahın yaxşılaşdırılması üzrə tədbirləri təbliğ edir; özəl sektorun inkişafını, iqtisadi imkanların genişləndirilməsini, iş yerlərinin keyfiyyətinin yaxşılaşdırılmasını və sosial müdafiədən bərabər istifadəni həvəsləndirir.

"Biz işsizliyin azaldılmasına böyük diqqət yetiririk. Bununla bağlı hökumət məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramını işə salıb və 2005-ci ildən 2009-cu ilədək işsizlik səviyyəsini 7,06 faizdən 6 faizədək azaldıb", - Məmmədyarov deyib.

Nazir öz çıxışında Azərbaycanda uşaqların, o cümlədən, valideyn qayğısından məhrum və aztəminatlı ailələrin övladlarının hüquqlarına riayət olunmasına və onların istedadlarının təşviqinə böyük diqqət ayrıldığı haqqında da danışıb.

"Məktəb təhsili sahəsində mühüm islahatlar aparılıb. 2003-2013-cü illərə hesablanan təhsil islahatı üzrə strategiyaya əsasən, məcburi təhsildə islahatlar aparılmasına istiqamətlənib", - Məmmədyarov qeyd edib.

"Gender bərabərliyi üzrə milli plana gəldikdə, cəmiyyətdə kişi və qadın bərabərliyinin təmin olunması üçün hüquqi planda bir çox işlər görülüb.

Onun sözlərinə görə, Azərbaycanda qadınların orta və ali təhsil almaları üçün hər cür şərait yaradılıb, məvaciblərdə bərabərlik mövcuddur, qərarların qəbul olunma prosesində qadınların rolu nəzərəçarpacaq dərəcədə artıb. Parlamentdə və dövlət strukturlarında qadınların sayının çoxalması müşahidə edilir.

Məmmədyarov onu da qeyd edib ki, Azərbaycanda tibb xidmətinin göstərilməsi sahəsində xeyli uğur qazanılıb, ana və uşaq ölümü səviyyəsinin azaldılması üçün bir çox işlər həyata keçirilib.

"Azərbaycan 2015-ci ilədək uşaq və ana ölümünün yarıya qədər azaldılmasını qarşısına məqsəd qoyub və bu istiqamətdə əhəmiyyətli tədbirlər görüb", - o qeyd edib. - "Ana və uşaqların sağlamlığının qorunması üzrə dövlət proqramları, regionların 2004-2008-ci illər üçün sosial və iqtisadi inkişafı üzrə Dövlət Proqramı qəbul edilib. Bu proqramların həyata keçməsi nəticəsində, ölüm səviyyəsinin əhəmiyyətli dərəcədə azalması müşahidə edilir".

"Son beş il ərzində yeni doğulmuş körpələrin ölüm halları üç, anaların ölümü isə iki dəfə azalıb", - nazir deyib.

Onun sözlərinə görə, bu sahədə irəliləyişin olması ölkədə gələcəkdə yoxsulluq səviyyəsinin azaldılmasından, tibbi xidmətdən istifadənin yaxşılaşdırılması şəraitindən və səhiyyə sahəsində islahatların aparılması vasitəsilə keyfiyyətindən asılı olacaq.

Nazirin sözlərinə görə, Azərbaycan S-hepatitinin və digər keçici xəstəliklərin, QİÇS və malyariyanın yayılmasının qarşısının alınmasında irəliləyişə nail olub. Buna QİÇS-in tədqiqatı ilə məşğul olan Milli Mərkəzin yenidən təşkil edilməsi sayəsində nail olunub.

Elmar Məmmədyarov minilliyin inkişaf məqsədlərində əldə edilən uğurlardan danışarkən bildirib ki, Azərbaycan meşə massivlərinin azalması məsələsini öz nəzarəti altına alaraq, ekologiyaya xüsusi diqqət ayırır.

"Biz bir sıra infrastruktur layihələrin həyata keçirilməsinə başlamışıq ki, bu da qonşu regionların inkişafına kömək edir", - o deyib.

Nazir xatırladıb ki, Azərbaycan "Şərq-Qərb" informasiya supermagistralının yaradılmasının təşəbbüskarıdır. Layihə, ümumilikdə, 20 ölkəni birləşdirmək və regionun inkişafı üçün mühüm rol oynamağa yönəlib. Layihənin həyata keçməsi Qərbi Avropa və Sakit Okean hövzəsinə daxil olan ölkələr arasında "uçurumu" aradan qaldırmağa imkan verəcək.

Çıxışının sonunda Məmmədyarov BMT divarları arasında qəbul olunan qərarların öz praktiki həllini tapacağına ümidini ifadə edib.

Xəbər lenti

Xəbər lenti