Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın hakim partiyasının sədr müavini inanır ki, vahid seçki siyahısından əlavə namizədliyini verən partiya üzvləri qərarlarını dəyişəcəklər.
"İnanıram ki, həmin bir neçə nəfər də partiyanın vahid seçki kampaniyasının uğurla həyata keçirilməsi naminə öz namizədliyini geri götürəcək. Amma bütövlükdə mən bu qətiyyətimi ifadə etmək istəyirəm ki, YAP-ın daxili birliyi, nizam-intizamı, monolitliyi, partiyanın hər bir üzvünün partiyanın seçkilərdə uğur qazanması naminə hər cür fədakarlığa hazır olmaları özünü bir daha əyani şəkildə göstərə biləcək", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı hakim partiyanın rəsmi saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib.
YAP şənbə günü dairələr üzrə namizədlərin siyahısını açıqlayıb. Siyahıdan əlavə olaraq, bəzi partiya üzvləri siyahıdan əlavə namizədliklərini verəcəklərini açıqlayıblar.
Əhmədovun sözlərinə görə, əlbəttə, cəmi bir neçə fakt YAP kimi böyük bir partiyanın seçki kampaniyasının uğurla həyata keçirilməsinin üzərinə hər hansı bir kölgə salmaq imkanına malik deyil.
"Bizim opponentlərimizin də bu faktlardan yapışaraq YAP-a qarşı təbliğat aparmaları da tamamilə iflasa məhkumdur. Çünki bir neçə fakt əsasında yarım milyondan yuxarı insanın birləşdiyi YAP-ın daxili birliyinə kölgə sala biləcək hər hansı inandırıcı fikir irəli sürmək mümkün deyil", - YAP rəsmisi əlavə edib.
Əhmədov seçki kampaniyasında partiyanın əsas şüarının "Güclü dövlət, yüksək rifah" olacağını da deyib.
"Bu, partiyamızın qarşıdan gələn Parlament seçkiləri ilə əlaqədar hədəfləri və şüarlarıdır. Güman edirəm ki, Azərbaycan vətəndaşı bizim mesajlarımızın tamamilə səmimi hisslərdən qaynaqlandığına inanır. Çünki bu günə qədər də YAP-ın həyata keçirdiyi siyasətin başlıca qayəsi insanlara xidmətdən ibarət olub. Bu gün də məhz o istək və arzu YAP-ın fəaliyyətinin kökündə dayanır", - YAP rəsmisi bildirib.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.
Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.