...

Azərbaycan Prezidenti "Caspian Agro-2010" III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi ilə tanış olub (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Sentyabr 2010 21:01 (UTC +04:00)
RED. əlav.: şəkillər və dördüncü abzasdan sonra əlavə olunub
Azərbaycan Prezidenti "Caspian Agro-2010" III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi ilə tanış olub (FOTO) (ƏLAVƏ OLUNUB)

RED. əlav.: şəkillər və dördüncü abzasdan sonra əlavə olunub

Sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Caspian Agro-2010" III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəsmi dəstəyi, Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, belə bir beynəlxalq tədbirin keçirilməsinin başlıca məqsədi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsullarının nümayişi ilə yanaşı, bu sahələrin daha da inkişafı üçün xarici şirkət və sərmayədarların diqqətini cəlb etmək, Azərbaycanda son illər baş verən sürətli inkişaf və tərəqqinin təbliği ilə bərabər, aqrar elmin qabaqcıl nailiyyətlərini və təcrübəsini öyrənməkdir. Ərzaq bolluğunun yaradılması və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi dünya ölkələri, o cümlədən Azərbaycan üçün prioritet istiqamətlərdən biridir.

Sərgidə Azərbaycan ilə yanaşı, Belarus, Gürcüstan, Kuba, İspaniya, Qətər və İrandan 80-dən artıq şirkət təmsil olunub. Builki sərgidə yerli şirkətlər daha fəal iştirak edirlər. Bu isə onu göstərir ki, Azərbaycanın ixrac potensialı artmaqdadır.

Prezident İlham Əliyev Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin pavilyonu ilə tanış olub. Burada Azərbaycanda kənd təsərrüfatının inkişafını əks etdirən sənədlər, cədvəllər, ulu öndər Heydər Əliyevin ölkəmizdə aqrar sahənin, emal sənayesinin inkişafı istiqamətində gördüyü işləri əks etdirən müxtəlif materiallar, habelə fotoşəkillər var.

Respublikamızın ötən illərdə kənd təsərrüfatı sahəsində qazandığı uğurları əks etdirən ekspozisiya ilə tanışlıq zamanı kənd təsərrüfatı naziri İsmət Abasov əldə edilmiş nailiyyətlər barədə məlumat verib.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin pavilyonu ilə tanış olub.

Dövlətimizin başçısı "PAL dad" şirkətinin pavilyonunda müəssisənin istehsalı olan məhsullara baxıb.

Azərbaycan Arıçılar İttifaqının pavilyonu ilə tanışlıq zamanı ölkəmizdə arıçılığın inkişafı sahəsində həyata keçiriləcək layihələr barədə geniş məlumat verilib. Bildirilib ki, bu gün Azərbaycanda Bozdağ-Qafqaz arısının yetişdirilməsinə böyük diqqət verilir. Bundan əlavə, Azərbaycanda müasir tipli pətəklərin istehsalına da başlanılıb. Gələcəkdə arıçılıq sənayesi məhsullarının istehsalı üçün Azərbaycanda arıçılıq mərkəzinin inşası planlaşdırılır. Bu mərkəz yaradıldıqdan sonra Azərbaycan ildə 10 min ton bal ixrac edə biləcək.

Prezident İlham Əliyevə Qax, Zaqatala və Şamaxıdan gətirilmiş bal növləri nümayiş olunub. 

Dövlətimizin başçısı "Abşeron-Zeytun" şirkətinin istehsal etdiyi məhsullara da baxıb. Şirkət Abşeronda ekoloji təbii məhsuldan zeytun yağı və digər məhsullar istehsal edir.

Daha sonra Prezident İlham Əliyev "İceland" şirkətinin pavilyonu ilə tanış olub. Bildirilib ki, 15 ildir fəaliyyət göstərən şirkət əsasən dondurma istehsalı ilə məşğuldur. Şirkətin istehsal etdiyi dondurmalar artıq iki ildir ki, Gürcüstana da ixrac olunur. Bundan əlavə, şirkət yarımfabrikat məhsullar da istehsal edir.

Quşçuluq müəssisələrinin pavilyonları ilə tanışlıq zamanı bildirildi ki, ölkəmizdə quşçuluq fabriklərinin yaradılması və onların ixrac qabiliyyətinin artırılması diqqətdə saxlanılır.

Sərgidə şərabçılıq və üzümçülük sahələri üzrə yerli şirkətlərlə yanaşı, xarici ölkələrin qabaqcıl müəssisələri də təmsil olunur. Məlumat verilib ki, Azərbaycanda həm də şərabçılığın inkişafı istiqamətində mühüm nəticələr əldə olunur. Ölkəmizdə üzüm sahələrinin genişləndirilməsi nəticə etibarilə şərabçılığın və şərab istehsal edən yeni modern müəssisələrin yaradılmasına imkan verir. İndi Azərbaycan istehsalı olan şərablar müxtəlif ölkələrə ixrac edilir və onlar dünya bazarında kifayət qədər yüksək reytinq toplaya bilib.

"Aspi-Aqro" MMC-nin pavilyonu ilə tanışlıq zamanı qeyd edilib ki, 2007-ci ildə yaradılmış müəssisənin əsas istiqaməti respublikamızda ənənəvi sahə sayılan üzümçülüyü inkişaf etdirmək və Azərbaycan süfrəsini düyanın ən yüksək keyfiyyətli üzüm növləri ilə təmin etməkdir. Bu məqsədlə Qəbələ rayonunun Savalan kəndində salınmış üzümlüklərdə İtaliyadan gətirilmiş tinglər əkilib. Müəssisə 16 növ texniki və 14 növ süfrə üzümü yetişdirir.

Prezident İlham Əliyev pivə istehsalı ilə məşğul olan "Bakı-Praqa" MMC-nin, şərab istehsal edən "Caspian Coast Winery" şirkətlərinin pavilyonlarına da baxıb.

"Azersun Holdinq" şirkətinin pavilyonu ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu iqtisadi qurum fəaliyyət sahələrini genişləndirir. Şirkətin 20-dən çox müəssisəsi rəqabətədavamlı məhsullar istehsal edir.

"Ti Aqroservis" MMC-nin pavilyonu ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, kənd təsərrüfatı sektorunda müxtəlif təyinatlı xidmətlər göstərən müəssisə ABŞ-ın 7 tanınmış şirkətinin Azərbaycanda və MDB ölkələrində rəsmi dileridir. Şirkət ABŞ texnologiyalarını Azərbaycanın kənd təsərrüfatı sektorunda tətbiq edir. Cəmiyyət müasir texnologiyalardan istifadə edilməklə şoran torpaqları istifadəyə yararlı hala gətirmək istiqamətində layihə üzərində işləyir.

Naxçıvan Muxtar Respublikasının pavilyonunda muxtar respublikada istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsulları nümayiş olunurdu.

Prezident İlham Əliyevə məlumat verilib ki, bu il muxtar respublikada 100 min tona yaxın taxıl istehsal olunub. Hazırda muxtar respublikanın birillik taxıl ehtiyatı var. Havalar əlverişsiz keçsə də, gündəlik məhsul yığımı 28 sentner olub. Muxtar respublikada fəaliyyət göstərən 40-dək kənd təsərrüfatı emalı müəssisəsi hesabına iqtisadi potensial gücləndirilib, xeyli sakin daimi işlə təmin edilib. Muxtar respublikanın dağ yerlərində nohur balıqçılıq təsərrüfatları, habelə dəvəquşu və dəvə fermaları yaradılıb, heyvandarlıq, şərabçılıq və digər sahələrin inkişafı üçün ardıcıl tədbirlər davam etdirilir.

Dövlətimizin başçısı kompleksin həyətində Minsk və Gəncə avtomobil zavodlarının birgə istehsalı olan kənd təsərrüfatı texnikasına baxıb.

Kənd təsərrüfatı naziri İsmət Abasov və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat veriblər ki, Gəncə avtomobil zavodu Minsk avtomobil zavodu ilə birlikdə traktor, avtomobil, kranlar, müxtəlif yedək avadanlığı istehsal edir. Bu müəssisələrin 10 il üçün əməkdaşlıq proqramı işlənib hazırlanıb. Gələcəkdə kommunal təyinatlı texnika da istehsal olunacaq.

Sərgidə Belarusun istehsal etdiyi "Lida" taxılbiçən kombaynı nümayiş olunur. Bu kombaynların Azərbaycana ixracı üçün razılıq əldə olunub.

Sərgi ilə yaxından tanış olan Prezident İlham Əliyev respublikamızda aqrar-sənaye kompleksinin daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarını verib, iştirakçılara uğurlar arzulayıb.

 Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti