...

Azərbaycanın xarici işlər naziri Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib

Siyasət Materials 21 Oktyabr 2010 18:54 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanın xarici işlər naziri Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı cümə axşamı Azərbaycan XİN-in mətbuat xidməti yayıb.

Məmmədyarov Azərbaycanın Böyük Britaniya ilə münasibətlərinə böyük önəm verdiyini qeyd edib və ölkələrimiz arasında əməkdaşlığın genişləndiyinin müsbət hal olduğunu vurğulayıb.

Britaniyalı nazir ölkəsinin Azərbaycana böyük əhəmiyyət verdiyini və ölkəmizin beynəlxalq terrorçuluğa qarşı mübarizədə, həmçinin, Əfqanıstanda sülhün və stabilliyin bərpa edilməsində Azərbaycanın rolunu yüksək dəyərləndirib. Bununla yanaşı, britaniyalı rəsmi ölkəsinin Azərbaycanla bir çox sahələrdə, xüsusilə də qeyri-neft sektoru sahəsində də əməkdaşlıq aparmaqda maraqlı olduğunu bildirib.

Məmmədyarov Cənubi Qafqazda regional layihələrin inkişafı, xüsusilə də neft, qaz və infrastruktur layihələrin həyata keçirilməsi barədə Lidinqtona məlumat verib. Xarici işlər naziri bu layihələrin strateji əhəmiyyətə malik olduğunu bildirib.

Lidinqton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə maraqlanıb və Böyük Britaniyanın ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləməyə hazır olduğunu qeyd edib. Öz növbəsində nazir Məmmədyarov bu münaqişəni Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında ən böyük təhlükə kimi qiymətləndirərək, Ermənistanın işğalçı siyasətinə son qoymaq və Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrinin çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin yerinə yetirilməsinə dair beynəlxalq ictimaiyyətin mövqeyinin aydın ifadə olması zəruriliyini bildirib.

Bununla yanaşı, ATƏT-in Minsk qrupuna sədrlik edən ölkələrin prezidentləri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 2009-cu ildə Yunanıstanda və 2010-cu ildə Kanadada birgə bəyanatlarda açıqlanmış və ATƏT-in həmsədr ölkələrinin 2009-cu ildə münaqişə tərəflərinə təqdim etdikləri "Yenilənmiş Madrid Prinsipləri" adlı sənətdə əks olunan təkliflər Azərbaycan tərəfindən prinsipcə qəbul olunmasına baxmayaraq, Ermənistanın bu sənədlə əlaqədə rəsmi mövqeyinin qeyri-müəyyən qaldığı qeyd edilib. Məmmədyarov sülh və sabitlik üçün mövcud olan fürsətlərdən yararlanmaq vacibliyini vurğulayıb.

Görüş zamanı bir sıra qarşılıqlı maraq doğuran mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti