...

Azərbaycan Prezidenti İlham Əliyev Həştərxan Kremli və şəhərin görməli yerləri ilə tanış olub (FOTO)

Siyasət Materials 28 Oktyabr 2010 00:23 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Həştərxan Kremli və şəhərin görməli yerləri ilə tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev Həştərxan Kremli və şəhərin görməli yerləri ilə tanış olub (FOTO)

RED.Əlavəsi: fotoşəkillər əlavə edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Həştərxan Kremli və şəhərin görməli yerləri ilə tanış olub. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı əvvəlcə Həştərxan Kremlində aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub. Bildirilib ki, Həştərxan Kremlini bir çox hallarda Rusiyanın möcüzəsi də adlandırırlar. Rusiya tarixi ilə bağlı mühüm hadisələrin şahidi olan Həştərxan Kremli XVI əsrin ikinci yarısında tikilmişdir. Rus hərbi-mühəndis memarlığının məşhur abidələri sırasında mühüm yerini hələ də qoruyan Həştərxan Kremli bu ərazidə, o cümlədən Volqa sahilində tikilən ilk qədim qalalardandır. Vaxtilə Həştərxan hakimiyyətinin mərkəzi kimi çıxış edən bu qala özündə 5 tarixi abidəni birləşdirir. Həştərxan Kremli 1980-ci ildən nadir tarixi abidə kimi dövlət tərəfindən qorunur. Hazırda Rusiya hökumətinin qərarı ilə abidədə bərpa və yenidənqurma işləri aparılır. Bu da Həştərxan Kremlinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının təzahürüdür.

Prezident İlham Əliyev sonra Həştərxan şəhərinin görməli yerlərini gəzib. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin şəhərdə aparılan abadlıq və quruculuq işləri barədə Azərbaycan Prezidentinə məlumat verib. Qeyd olunub ki, Xəzər sahilində yerləşən bu şəhər Rusiyanın əsas iqtisadi mərkəzlərindən biri kimi tanınır. Vilayətin malik olduğu iqtisadi potensial bu regionun inkişafında mühüm rol oynayır. Tarixən Azərbaycanın sıx iqtisadi münasibətləri olan Həştərxan vilayəti ilə əlaqələri bu gün də uğurla davam edir və bu proses Rusiya-Azərbaycan əməkdaşlığında mühüm rol oynayır.

FOTO - www.azertag.com

Xəbər lenti

Xəbər lenti