...

ELS Azərbaycandakı parlament seçkilərində "exit-poll" keçirməyə hazırdır

Siyasət Materials 5 Noyabr 2010 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir M.Əliyev/

ELS Müstəqil Araşdırmalar Mərkəzi Milli Məclisə seçkilərdə "exit-poll" həyata keçirmək məqsədi ilə apardığı hazırlıq işlərini başa çatdırıb. Bu barədə mərkəzin yaydığı məlumatda deyilir.

Hazırqlıq işləri çərçivəsində müsahibəçi və supervayzerlər üçün təlimlər təşkil olunub. Bu təlimlərdə müsahibəçilərə tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib. Həmçinin, onlara tədqiqat zamanı ilk dəfə tətbiq edilən informasiya kommunikasiya texnologiyalarından istifadə qaydaları izah edilib. Supervayzerlər də təlimlərdə iştirak edib və tədqiqatın qaydalarına uyğun atacaqları addımlar barədə məlumat verilib.

Hazırlıq mərhələsi dövründə "exit-poll" həyata keçirəcək müsahibəçilər üçün tədqiqat zamanı istifadə ediləcək sənədlər və ləvazimatlar hazırlanıb. Artıq bu sənədlər və ləvazimatlar paytaxt və regionlarda müsahibəçi və süpervayzerlərə çatdırılıb. Həmçinin seçki günü tədqiqat prosesində iştirak edəcək telefonçular və operatorlar üçün təşkil olunmuş treninqlər başa çatıb.

Mərkəz noyabrın 7-si, seçki günü "exit-poll" tədqiqatının əsas mərhələsini Bridge Plaza otelinin (ünvan: Bakıxanov küç. 6, körpünün yanı) konfrans zalında davam etdirəcək. Bütün kütləvi informasiya vasitələrinin nümayəndələri "exit-poll" tədqiqatının bu prosesini müşahidə edə bilər.

Qeyd edək ki, ELS Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən prezident, bələdiyyə seçkilərində, həmçinin referendum zamanı "exit-poll" həyata keçirib. Ötən seçki illərindən fərqli olaraq, mərkəz bu il noyabrın 7-də keçiriləcək parlament seçkilərində 118 dairə üzrə 1180 məntəqədə "exit-poll" həyata keçirəcək. Müstəqil Araşdırmalar Mərkəzinin "exit-poll" tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığı nəzərə alınaraq, təşkilat Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

ELS 2006-cı ildən başlayaraq, Azərbaycandakı bütün seçki proseslərində "exit-poll" keçirir.

Xəbər lenti

Xəbər lenti