ABŞ, Vaşinqton, 10 noyabr /Trend,xüsusi müxbir L. Katık/
Aparıcı amerikalı politoloq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Zbiqnev Bjezinski erməni lobbi qruplarının Metyu Brayzanın ABŞ-ın Azərbaycanda yeni səfiri vəzifəsinə təyin olunmasına mane olmaq cəhdini "səhv xarici siyasət metodu" adlandırıb. Bu barədə o, çərşənbə axşamı Vaşinqtonda "Amerika-Azərbaycan münasibətləri: "strateji tərəfdaşlığ"ın vəziyyəti" mövzusunda beynəlxalq konfransında çıxış edərkən deyib.
"Səfrilərin digər ölkələrə təyin olunmasına mane olmaq cəhdi düzgün xarici siyasət metodu deyil", - Bjezinski deyib.
"ABŞ vətəndaşlarının istənilən milli qrupunun xarici siyasətlə bağlı öz fikrini söyləmək hüququ var. Digər məsələ hakimiyyətin xüsusilə birtərəfli tələblərini irəli sürən qrupu nəzərə alıb-almamasından ibarətdir", - professor Bjezinski deyib.
"Bu halda baş vermiş hadisələrə dəqiq qiymət vermək lazımdır", - o, hakimiyyətin bu cür problemin həlli üçün alternativ variantları olduğunu vurğulayaraq qeyd edib.
Politoloqun fikrincə, Brayzanı senatın razılığı olmadan ABŞ-ın Azərbaycandakı missiyasının prezident nümayəndəsi təyin etmək olardı.
Bir qədər əvvəl məlumat verildiyi kimi, Ceymstaun Fondu və Mərkəzi Asiya və Qafqaz İnstitutu noyabrın 9-da Vaşinqtonda "Amerika-Azərbaycan münasibətləri: "strateji tərəfdaşlığ"ın vəziyyəti" mövzusunda konfrans keçirəcək.
ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi diplomatik nümayəndəsi Riçard Morninqstar, məşhur amerikalı politoloq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Zbiqnev Bjezinski, Ceymstaun Fondunun prezidenti Qlen Hovard, fondun baş əməkdaşı, politoloq Vladimir Sokor, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev, Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr məruzə ilə çıxış edəcəklər.
Zbiqnev Bjezinskiy tədbirdə "Azərbaycanın müasir dünyada rolu" xüsusi təqdimatı ilə çıxış edib.