...

Dövlət Departamentinin bəyanatı ölkəmizdə seçki prosesini izləyən beynəlxalq müşahidəçilərin məlumatları ilə ziddiyət təşkil edir - Azərbaycanın hakim partiyası

Siyasət Materials 10 Noyabr 2010 17:29 (UTC +04:00)
Dövlət Departamentinin bəyanatı ölkəmizdə seçki prosesini izləyən beynəlxalq müşahidəçilərin məlumatları ilə ziddiyət təşkil edir - Azərbaycanın hakim partiyası
Dövlət Departamentinin bəyanatı ölkəmizdə seçki prosesini izləyən beynəlxalq müşahidəçilərin məlumatları ilə ziddiyət təşkil edir - Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası ABŞ Dövlət Departamentinin ölkəmizdə keçirilən parlament seçkisi ilə bağlı bəyanatına etiraz edib.

"ABŞ Dövlət Departamentinin hesabatında yer alan fikirlər təəssüf və təəccüb doğurur. Hesab edirəm ki, Departamentin hesabatı ölkəmizdə seçki prosesini izləyən beynəlxalq müşahidəçilərin məlumatları ilə ziddiyət təşkil edir". Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının internet saytına açıqlamasında partiyanın İcra katibinin müavini Mübariz Qurbanlı ABŞ Dövlət Departamentinin Azərbaycanda 7 noyabrda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Milli Məclisinə seçkiləri ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumların təmsilçiləri müşahidə ediblər. Beynəlxalq müşahidəçilər uzunmüddətli missiya həyata keçiriblər, bütövlükdə seçki prosesini müşahidə ediblər, seçki günü də seçkilərin müşahidəsi həyata keçirilib.

"Bütövlükdə, ATƏT-in və Avropa Şurasının Azərbaycanda parlament seçkilərini müşahidə edən nümayəndələrinin yaydığı ilkin məlumatlarda qeyd olunub ki, seçkilərdə bütün siyasi partiyaların bərabər şəkildə iştirakı təmin edilib, seçkilər demokratik dəyərlərə uyğun şəkildə keçirilib, eyni zamanda, bütün namizədlərə debatlarda öz fikirlərini çatdırmaq üçün bərabər şərait və mühit yaradılıb. Həmçinin, seçkilərin gedişi ilə bağlı da beynəlxalq müşahidə missiyalarının yaydığı ilkin açıqlamalarda ciddi nöqsanların qeydə alınmadığı öz əksini tapıb. Belə olan halda, ABŞ Dövlət Departamentinin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının bəyanatları arasında ziddiyətləri görməkdəyik. Azərbaycan tərəfinin bununla bağlı münasibəti də bu yöndədir ki, Departamentin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının hesabatları üst-üstə düşmür"-deyə Qurbanlı qeyd edib.

Yeni Azərbaycan Partiyası olaraq biz seçkilərin gedişi ilə bağlı Dövlət Departamentinin yaydığı bəyanatın obyektivliyi əks etdirmədiyini qeyd edirik.

"Yeni Azərbaycan Partiyası müşahidəçiləri seçkiləri əvvəldən sona qədər izləyib, bizim hər bir məntəqədə, hər bir dairədə müşahidəçilərimiz fəaliyyət göstərib. Biz müşahidəçilərin topladığı məlumatları araşdırmışıq və bu müşahidələr belə nəticəyə gəlməyə əsas verir ki, parlament seçkiləri tam obyektiv şəraitdə, şəffaf və ədalətli keçirilməklə Azərbaycan seçicilərinin siyasi iradəsini tamamilə əks etdirir" YAP rəsmisi əlavə edib.

Noyabrın 7-də Azərbaycanda ölkə parlamentinə seçkilər keçirilib. MSK-nın məlumatına görə, seçicilərin səsvermədə iştirakı 50,14 faiz (2480205 seçici) təşkil edib. Parlament seçkilərində 690 namizəd mübarizə aparıb.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Xəbər lenti

Xəbər lenti